AnalitikaGündəmSiyasət

Yaşıl Enerji İxracatı və Naxçıvanın İqtisadi Sığortası

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Naxçıvan Muxtar Respublikasını bərpaolunan enerjinin mərkəzinə çevirməkdədir. Bu gün Naxçıvanda istehsal olunan elektrik enerjisinin əksəriyyəti məhz bərpaolunan enerji mənbələrinin hesabınadır. Regionun böyük enerji potensialını nəzərə alaraq, Naxçıvan rəsmi şəkildə “yaşıl enerji zonası” elan edilmişdir. Dövlət başçısının tapşırığına əsasən, burada yerli və xarici investorların cəlb edilməsi ilə böyük Günəş və su elektrik stansiyaları inşa olunur.

Günəş elektrik enerjisi istehsalı üzrə Naxçıvan Azərbaycan ərazisində ən ideal şəraitə malikdir. Prezident İlham Əliyev səfər zamanı bildirmişdir ki, burada Günəş enerjisi istehsalı potensialı ən azı 500 meqavat, hətta 1000 meqavata qədər ola bilər. Təkcə 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının inşası bu prosesin miqyasını aydın göstərir. Su potensialından maksimum istifadə üçün isə Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsi davam etdirilir.

İstehsal edilən “yaşıl enerji”nin dayanıqlılığını təmin etmək üçün böyük saxlanc infrastrukturunun qurulması zəruridir. Prezident İlham Əliyev Azərbaycanda artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunun yaradıldığını xatırladaraq, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun qurulmasına dair göstəriş vermişdir. Bu müasir texnologiyalar istehsal olunan Günəş və su enerjisini toplamaq və şəbəkənin təhlükəsizliyini sığortalamaq üçün olduqca vacibdir.

Naxçıvanın tam dayanıqlı və sığortalı enerji sistemi yaratmaqla, Azərbaycan qonşu ölkələrə geniş miqyasda enerji ixracatını hədəfləyir. Prezident İlham Əliyev qeyd edir ki, Naxçıvandan Türkiyə və İrana mövcud elektrik xətlərinin ötürücülük imkanları məhduddur və gələcəkdə bu xətlərin gücü mütləq genişləndirilməlidir. Azərbaycanın enerji strategiyası muxtar respublikanı yalnız elektrik enerjisini istehsal edən və qəbul edən deyil, eyni zamanda ötürən və xaricə, o cümlədən Avropa bazarına ixrac edən qüdrətli bir mərkəz kimi formalaşdırmağa yönəlmişdir.

Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button