
Kənd təsərrüfatının inkişafı Naxçıvan Muxtar Respublikasının qeyri-neft sektorunun və ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi və bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yeri və iqtisadi payı müəyyən edilmişdir. Həmin sənədə əsasən, bölgədə kənd təsərrüfatının sıçrayışlı inkişafını təmin etmək üçün dövlət büdcəsindən lazımi vəsait nəzərdə tutulmuşdur. Dövlət başçısının Naxçıvana ezam etdiyi böyük heyət yerlərdə bütün məsələləri dəqiq təhlil etmiş və nəticədə əməli işlərə başlanılmışdır.
Kənd təsərrüfatının inkişafı üçün ən həlledici amil olan suvarma layihələri muxtar respublikada sürətlə icra edilməkdədir. Tərtib olunmuş tədbirlər planına uyğun olaraq, bölgədə bir çox yeni artezian quyuları qazılacaq və ən müasir texnologiyalara əsaslanan suvarma sistemləri quraşdırılacaqdır. Bu məqsədyönlü tədbirlər nəticəsində bu günə qədər suvarılmayan minlərlə hektar torpaqlara su veriləcəkdir. Bütün bu addımlar muxtar respublikanın kənd təsərrüfatı potensialını kəskin şəkildə artıracaq və inkişafın daha sürətli, hərtərəfli olmasını təmin edəcəkdir.
Görülən işləri daha da sürətləndirmək və miqyasını genişləndirmək məqsədilə Prezident İlham Əliyev yeni, çox böyük maliyyətutumlu Sərəncam imzalayacağını açıqlamışdır. Dövlət başçısı vurğulayır ki, həmin Sərəncamda konkret infrastruktur və aqrar layihələr göstəriləcək və icranın keyfiyyətinə lazımi dövlət nəzarəti tam təmin ediləcəkdir. Bu cür sistemli yanaşma dövlət vəsaitlərinin birbaşa vətəndaşın rifahına və real iqtisadiyyatın inkişafına yönəldilməsinin bariz nümunəsidir.
Aqrar sektorun inkişafı bilavasitə kənd yollarının vəziyyəti ilə əlaqədardır və bu məsələ də Prezident İlham Əliyevin diqqətindədir. Bu səbəbdən kənd təsərrüfatı layihələri ilə paralel olaraq, 160 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik kənd yollarının əsaslı təmiri və çəkilişi icra ediləcəkdir. İstehsal olunan aqrar məhsulların mərkəzi bazarlara rahat çıxışını təmin edəcək bu yollar Naxçıvanın kəndlərində həyat səviyyəsini şəhər standartlarına yaxınlaşdıracaqdır.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



