
Dünyada iqlim dəyişiklikləri və enerji resurslarından səmərəli istifadə məsələləri gündəmdə olduğu bir vaxtda Azərbaycan da yaşıl enerji siyasətinə xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu nümayiş etdirir.
Avropa Komissiyası ilə aparılan müzakirələr zamanı yaşıl enerji əməkdaşlığı xüsusi yer tutdu. Günəş və külək enerjisi üzrə xarici və yerli şirkətlərlə bağlanmış müqavilələr yaxın illərdə Azərbaycanın enerji istehsalında yeni mərhələnin başlanmasına imkan verəcək. Bu layihələr ölkənin enerji balansını daha da gücləndirəcək, eyni zamanda ixrac potensialını artıracaq.
Azərbaycanın yaşıl enerji strategiyası təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. Təmiz enerji mənbələrinin inkişafı karbon emissiyalarının azaldılmasına, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edir.
Ölkəmiz bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək yeni investisiyaların cəlb edilməsinə nail olur. Bu isə Azərbaycanın regionun yaşıl enerji mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Görülən işlər bir daha göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkəmizin gələcəyinə hesablanmış uğurlu siyasətdir. Enerji sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və gələcək iqtisadi inkişaf üçün möhkəm əsas yaradır.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



