
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın növbəti böyük diplomatik və siyasi uğuru kimi tarixə yazıldı. 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi təsadüfi seçim deyildi. Bu, ölkəmizin son illər qazandığı beynəlxalq etimadın, həyata keçirdiyi uğurlu siyasətin və dünya miqyasında artan nüfuzunun nəticəsidir. Qısa zaman ərzində COP29 kimi qlobal əhəmiyyət daşıyan tədbirdən sonra daha bir nəhəng beynəlxalq platformanın Azərbaycana həvalə olunması dünyanın ölkəmizə olan etibarının aydın ifadəsidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün Azərbaycan artıq beynəlxalq siyasi məkanın mühüm aktorlarından biri kimi çıxış edir. Coğrafi baxımdan Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan bu gün siyasi, iqtisadi və humanitar körpü missiyasını da uğurla həyata keçirir. Tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu Azərbaycan indi də xalqları, dövlətləri və ideyaları bir araya gətirən mühüm mərkəz rolunu oynayır. WUF13-ün Bakıda keçirilməsi həm də dövlətimizin həyata keçirdiyi müasir şəhərsalma siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir.
“Bakının qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən şəhərə çevrilməsi, regionlarda aparılan abadlıq və yenidənqurma işləri, müasir infrastruktur layihələri ölkəmizin inkişaf fəlsəfəsini aydın şəkildə nümayiş etdirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri dünyanın diqqətini cəlb edən mühüm məsələlərdən biridir. Otuz il ərzində dağıdılmış şəhərlərin və kəndlərin qısa müddətdə yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması Azərbaycanın gələcəyi də planlaşdıran dövlət olduğunu göstərir”.
Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkan olmaqdan daha artıq məna daşıyır. Bu gün ölkəmiz qlobal ideyaların müzakirə olunduğu, gələcək strategiyaların formalaşdırıldığı və mühüm qərarların verildiyi platformaya çevrilib. WUF13 bir daha sübut etdi ki, Azərbaycan artıq dünyanın diqqət mərkəzində dayanan ölkədir. Bu forum Azərbaycanın inkişaf yolunun düzgün seçildiyini, dövlət siyasətinin uğurla həyata keçirildiyini və ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndiyini göstərən mühüm hadisədir.
Onun sözlərinə görə, bu uğur hər bir Azərbaycan vətəndaşının qürurudur. Çünki güclü dövlət beynəlxalq nüfuzu, dünyada qazandığı hörmət və gələcəyə doğru inamla atdığı addımlarla ölçülür. Azərbaycan isə bu gün məhz həmin güclü dövlət modelinin parlaq nümunəsinə çevrilib.



