AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə – Türk dünyasının gələcəyinə baxış

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini və Türk dünyasının gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən strateji tərəfdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoyur.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən tarixi, mədəni və geosiyasi yaxınlıq bu gün yeni reallıqlar fonunda daha sıx əməkdaşlığın mühüm təməlini təşkil edir. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi siyasi dialoqun daha da dərinləşməsinə, çoxşaxəli əməkdaşlığın yeni istiqamətlər qazanmasına şərait yaradıb.

Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yalnız siyasi müstəvi ilə məhdudlaşmır. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən layihələr əməkdaşlığın real nəticələrini nümayiş etdirir. Bu proses həm ölkələrimizin iqtisadi potensialını birləşdirir, həm də xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.

Azərbaycan–Özbəkistan iqtisadi-ticari əlaqələrinin dinamik inkişafı da xüsusi diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Bu göstərici iqtisadi münasibətlərimizin yeni mərhələyə yüksəldiyini və qarşılıqlı maraqların genişləndiyini göstərir.

Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi Mərkəzi Asiya ilə Azərbaycan arasında yaşıl enerji əməkdaşlığının inkişafında mühüm addım olub. Bu təşəbbüs bərpaolunan enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının reallaşdırılmasına xidmət edir.

Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daşımaların həcmində 12,2 faizlik artım qeydə alınıb və göstərici 675 min ton təşkil edib. Bu rəqəmlər Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağı kimi rolunun daha da gücləndiyini göstərir.

Azərbaycan–Özbəkistan qardaşlığının ən parlaq nümunələrindən biri isə işğaldan azad edilmiş ərazilərimizin bərpasında Özbəkistanın göstərdiyi dəstəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstək və Qarabağın bərpasına verdiyi töhfələr iki xalq arasındakı qardaşlığın sarsılmazlığını nümayiş etdirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi bu qardaşlığın canlı rəmzlərindən biridir.

Bununla yanaşı, Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı” adlı nar bağının salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlığımızın konkret nəticələrindəndir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda ümumilikdə 10 720 “Chevrolet” markalı avtomobil və 275 “Isuzu” markalı avtobus istehsal edilib.

Özbəkistanın Azərbaycandakı investisiya fəaliyyəti də əlaqələrin iqtisadi əsaslarının möhkəmləndiyini göstərir. Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərərək qarşılıqlı investisiya imkanlarının genişlənməsinə töhfə verirlər.

Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan–Özbəkistan əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və humanitar həmrəyliyinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müsahibənin sonunda dövlətimizin başçısının Özbəkistan xalqını dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik etməsi və qardaş ölkəyə sülh, əmin-amanlıq, tərəqqi və yeni nailiyyətlər arzulaması Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız dövlətlərarası əməkdaşlığa deyil, xalqlarımızın dərin dostluq və qardaşlıq bağlarına söykəndiyini bir daha nümayiş etdirir.

Bu gün Azərbaycan və Özbəkistanın münasibətləri Türk dünyasının birlik və həmrəyliyinin mühüm nümunələrindən biridir. Qarşılıqlı etimad, ortaq tarixi-mədəni dəyərlər və strateji maraqlar üzərində qurulan bu tərəfdaşlıq gələcəkdə də regionumuzun inkişafına və Türk dünyasının qlobal mövqeyinin daha da güclənməsinə mühüm töhfələr verəcək.

Ramil Babayev,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button