AnalitikaDünyaGündəmSiyasət

Milli Mətbuatımız: “Əkinçi”dən Qlobal İnformasiya Şəbəkəsinədək

Azərbaycan xalqının müstəqillik, azadlıq və demokratiya uğrunda apardığı mübarizənin ən mühüm səhifələri milli mətbuatımızın inkişaf tarixi ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, xalqımız azadlıq və müstəqillik dərslərini məhz mətbuatın səhifələrindən öyrənmişdir. Bu şərəfli yol düz 150 il əvvəl, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi Həsən bəy Zərdabinin nəşr etməyə başladığı “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Cəmi 56 sayı işıq üzü görsə də, bu qəzet cəhalətə qarşı mübarizədə və milli şüurun formalaşmasında əvəzsiz rol oynamışdır.

Bu gün müstəqil Azərbaycan dövlətində mətbuat azadlığı ali səviyyədə qorunur. Prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətdə aşkarlıq, plüralizm və söz azadlığının bərqərar olunması prioritet məsələdir. Müstəqillik dövründə atılan islahatçı addımlar, o cümlədən senzuranın ləğvi və mediaya dövlət dəstəyinin gücləndirilməsi mətbuatımızın inkişafı üçün yeni yollar açmışdır. Azərbaycan mətbuatı hazırda təkcə ölkədaxili deyil, qlobal informasiya şəbəkəsinin mühüm bir hissəsinə çevrilmişdir.

Azərbaycan mediası 44 günlük Vətən müharibəsində də öz fədakarlığını nümayiş etdirərək böyük Zəfərimizin müjdəçisi olmuşdur. Hazırda isə post-müharibə dövründə Şuşada keçirilən Qlobal Media Forumları – xüsusilə də 2026-cı ildə baş tutan “Sülhün təşviqində medianın missiyası” mövzusundakı IV Forum – göstərir ki, Azərbaycan jurnalistikası sülh, ədalət və həqiqətin bərpası uğrunda beynəlxalq miqyasda inamlı addımlar atmağa davam edir.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button