
2026-cı il mayın 18-də Bakıda öz işinə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platformaya çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi “Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır” fikri dövlətimizin gələcək inkişaf prioritetlərini aydın şəkildə ifadə etməklə yanaşı, ölkə gəncliyinin perspektivlərini və yeni imkanlarını da müəyyənləşdirir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız regionun fiziki infrastruktunun yenilənməsi deyil, həm də Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları rəqəmsal texnologiyaların, süni intellektin, böyük verilənlər sisteminin və kibertəhlükəsizlik sahələrinin inkişafına yeni imkanlar yaradır. Bu isə Azərbaycan gəncliyi üçün müasir əmək bazarında rəqabətqabiliyyətli ixtisaslara yiyələnmək və innovativ layihələrdə iştirak etmək baxımından mühüm perspektivlər açır.
Bununla yanaşı, regionun “yaşıl enerji” zonası elan olunması alternativ enerji, ekologiya və dayanıqlı inkişaf sahəsində ixtisaslaşan gənc mütəxəssislər üçün geniş fəaliyyət imkanları formalaşdırır. Azərbaycanda həyata keçirilən bu strateji layihələr sayəsində gənclər beynəlxalq təcrübə və bilikləri xaricdə deyil, öz ölkələrində, ən müasir standartlara uyğun qurulan layihələr üzərində qazanmaq imkanı əldə edirlər.
Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi mesajlar gənclərin üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, onların beynəlxalq müstəvidə rolunu və nüfuzunu da artırır. Azərbaycan gəncliyi artıq postmünaqişə dövründə bərpa, mina təmizləmə, şəhərsalma və modern idarəetmə sahələrində unikal praktiki təcrübəyə malik bir nəslə çevrilir. Bu təcrübə gələcəkdə gənclərimizin beynəlxalq humanitar platformalarda, qlobal şəhərsalma layihələrində və müxtəlif nüfuzlu təşkilatlarda uğurla təmsil olunmasına geniş imkanlar yaradacaqdır.
Dövlətimizin şəhərsalma siyasətinin əsas prioritetlərindən biri insan amilidir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir sosial infrastruktur, rəqəmsal xidmətlər, yeni məktəblər, səhiyyə müəssisələri və məşğulluq imkanları gələcəkdə insanların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcəkdir. Ekoloji cəhətdən təmiz, texnologiya ilə təbiətin harmoniyasını özündə birləşdirən yaşayış mühiti Azərbaycanda yeni həyat tərzinin və müasir yaşayış mədəniyyətinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız işğaldan azad olunmuş torpaqları yenidən qurmaqla kifayətlənmir, eyni zamanda gələcək nəsillərin inkişafını təmin edən dayanıqlı və müasir dövlət modeli formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesi Azərbaycan gəncliyi üçün yalnız müşahidə olunan bir hadisə deyil, onların bilavasitə iştirak etdiyi, bilik və potensialını ortaya qoyduğu tarixi missiyadır. Bu böyük dirçəliş strategiyası gənclərimizdə vətənə bağlılıq hissini daha da gücləndirir, onları müasir, intellektual və qlobal düşüncəli Azərbaycan vətəndaşı kimi formalaşdırır.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



