AnalitikaGündəmSiyasət

Sözün Şərəf Yolu

1875-ci ilin iyulunda Həsən bəy Zərdabinin böyük fədakarlıqla nəşr etdirdiyi “Əkinçi” qəzeti təkcə ilk milli mətbuat orqanı deyil, bütöv bir xalqın milli oyanış manifesti idi. Çar Rusiyasının sərt senzurası və cəmiyyətin savadsızlıq qaranlığı fonunda işıq üzü görən bu qəzet azərbaycanlılara öz kimliyini, hüquqlarını və ana dilinin qüdrətini xatırladan ilk rəsmi tribuna oldu. Məhz həmin tarixdən etibarən Azərbaycan ziyalıları cəmiyyətin inkişafının əsas dayaqlarından birini qələmin gücündə görməyə başladılar.

Azərbaycan mətbuatının keçdiyi yol heç vaxt asan olmayıb. Repressiyalar, qadağalar və siyasi təlatümlərlə müşayiət olunan bu yol milli mətbuatımızı daha da möhkəmləndirib. “Molla Nəsrəddin” jurnalının satirik qələmi, “Füyuzat” məktəbinin fəlsəfi düşüncəsi XX əsrin əvvəllərində milli təfəkkürün formalaşmasına və maarifçilik hərəkatının güclənməsinə mühüm töhfə verdi. Bu tarixi irs sübut edir ki, Azərbaycan jurnalistikası heç vaxt yalnız hadisələri qeydə alan sahə olmayıb; o, millətin dərdini, amalını və azadlıq istəyini özündə əks etdirən ictimai vicdan missiyasını daşıyıb.

Müasir rəqəmsal dövrdə informasiya axınının sürətlənməsi jurnalistlərin məsuliyyətini daha da artırır. Bu gün media nümayəndələri yalnız xəbər çatdırmır, eyni zamanda dezinformasiya və informasiya manipulyasiyasına qarşı mübarizə aparırlar. Qərəzsizlik, obyektivlik, peşəkarlıq və analitik yanaşma müasir jurnalistikanın əsas prinsiplərinə çevrilib.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən, hərbi əməliyyatların gedişini həyatlarını riskə ataraq dünyaya çatdıran hərbi jurnalistlərimizin fədakarlığı isə müasir Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindəndir. Peşə borcunu yerinə yetirərkən şəhid olan media nümayəndələrinin xatirəsi sözün və həqiqətin keşiyində dayanmağın ən ali nümunəsi kimi daim yaşayacaq. Onların göstərdiyi fədakarlıq jurnalist peşəsinin cəmiyyət və Vətən qarşısındakı məsuliyyətini bir daha nümayiş etdirir.

Bu gün 22 İyul təkcə jurnalistlərin peşə bayramı deyil. Bu tarix azad sözün, obyektivliyin, milli düşüncənin və cəmiyyətin maariflənməsinin bayramıdır. Qələmini həqiqətin xidmətinə verən, cəmiyyətin inkişafı naminə çalışan bütün media nümayəndələri Zərdabinin əsasını qoyduğu müqəddəs missiyanın layiqli davamçılarıdır.

Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button