AnalitikaGündəmSiyasət

22 İyul – Milli Mətbuat Günü: Həqiqətin keşiyində dayanan Azərbaycan mediası

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirərək ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında, informasiya cəbhəsində qələbənin qazanılmasında mühüm rol oynayıb.

22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Məhz 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti işıq üzü görərək Azərbaycan milli mətbuatının əsasını qoyub. Bu qəzet yalnız ilk mətbu orqan deyil, həm də milli oyanışın, maarifçiliyin və ictimai düşüncənin inkişafının başlanğıcı olub.

Milli mətbuatımızın müasir inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi isə Azərbaycanda söz və mətbuat azadlığının inkişafında dönüş nöqtəsinə çevrildi. Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə çoxsaylı qəzet və jurnallar fəaliyyət göstərir, internet mediası sürətlə inkişaf edir və Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.

Azərbaycan mediası hər zaman milli maraqların müdafiəsində mühüm rol oynayıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə jurnalistlər düşmənin dezinformasiya kampaniyasına qarşı operativ, dəqiq və etibarlı məlumatlarla informasiya cəbhəsində fəal mübarizə aparıblar. Postmüharibə dövründə də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, regiondakı yeni reallıqlar və Azərbaycanın mövqeyi media tərəfindən ölkə və dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırılır.

Müharibə günlərində media nümayəndələri həyatlarını təhlükə qarşısında qoyaraq hadisələri cəbhə bölgəsindən operativ şəkildə işıqlandırmış, cəmiyyətin düzgün məlumatlandırılması üçün böyük fədakarlıq göstərmişlər. Onların peşəkarlığı və məsuliyyəti jurnalist peşəsinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan mediası eyni zamanda ölkəmizin milli maraqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına da mühüm töhfə verir. Xarici media qurumları ilə əməkdaşlıq, müxtəlif dillərdə hazırlanan materiallar və rəqəmsal platformaların imkanlarından səmərəli istifadə Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Bu istiqamətdə peşəkar jurnalistika prinsiplərinə sadiqlik xüsusi əhəmiyyət daşıyır.

Bu gün də davam edən informasiya müharibəsində Azərbaycan jurnalistləri öz peşəkarlıqları, vətənpərvərlikləri və obyektiv mövqeləri ilə seçilirlər. 44 günlük Vətən müharibəsi zamanı cəbhədə xidmət göstərən, informasiya təminatında fəal iştirak edən və dövlət tərəfindən müxtəlif təltiflərə layiq görülən jurnalistlər bunun ən parlaq nümunəsidir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə media sahəsində çalışan bütün fədakar insanları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni uğurlar və daim həqiqətin keşiyində dayanmağı arzulayıram.

Ramil Babayev,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button