
İnsan bəzən sahib olduğu ən böyük nemətlərin qədrini gec anlayır. Su kimi, hava kimi, ana kimi, Vətən kimi… Müstəqillik də elədir. Hər gün öz torpağında rahat gəzmək, öz dilində danışmaq, öz bayrağını görmək bizə adi gəlir. Amma tarixə baxanda insan anlayır ki, bunların hərəsinin arxasında böyük bir mübarizə dayanır.
Müstəqillik o deməkdir ki, heç kim gəlib sənə “sən necə yaşayacaqsan” deyə bilmir. Öz dövlətin olur, öz bayrağın olur, öz sözün olur. İnsan üçün bundan böyük qürur yoxdur. Dünyanın harasına getsən də, “Mən azərbaycanlıyam” deyəndə ürəyin qürurla dolur. Çünki insanın kimliyi onun Vətəni ilə başlayır.
Səhər məktəbə gedən bir uşaq düşünmür ki, niyə öz dilində rahat danışır. Amma dünyada elə xalqlar var ki, öz ana dilində danışmağa belə çətinlik çəkir. Biz isə məktəbdə Azərbaycan dilində oxuyuruq, kitablarımızı öz dilimizdə yazırıq, mahnılarımızı öz dilimizdə oxuyuruq. Bax, müstəqilliyin ən böyük dəyərlərindən biri də budur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda xalq ilk dəfə öz dövlətinə sahib oldu. O dövr çox ağır idi. Hər tərəfdən təzyiq vardı, imkanlar az idi. Amma xalqın içində böyük bir arzu yaşayırdı. Azad olmaq arzusu… O insanlar bilirdi ki, insanın Vətəni yoxdursa, səsi də olmur. Elə buna görə də qorxmadılar, geri çəkilmədilər. Sonralar Azərbaycan yenə çətin günlər gördü. İnsanlar gələcəyə nigaran baxırdı. Hər evdə bir narahatlıq vardı. Amma bu xalq heç vaxt tam sınmadı. Çünki Azərbaycan insanının içində qəribə bir güc var. Nə olursa olsun ayaqda qalmaq gücü…
Bizim insanlarımız dar gündə bir-birinə daha çox bağlanır. Necə ki kənddə bir evdə problem olanda hamı köməyə gəlir, eləcə də Vətən məsələsində insanlar bir olur. Çünki Vətən hamının ortaq evidir. İnsan öz evini necə qoruyursa, Vətənini də elə qoruyur.
Ulu Öndər Heydər Əliyev də məhz ağır dövrlərdə Azərbaycanın yanında oldu. Dövlətçiliyin qorunması, insanların gələcəyə inamla baxması üçün böyük addımlar atdı. Çünki müstəqilliyi qazanmaq çətindirsə, onu qorumaq daha çətindir. Güclü dövlət olmayanda insan özünü arxasız hiss edir. Amma dövlət güclü olanda xalq da rahat nəfəs alır.
Müstəqillik həm də insanın içindəki rahatlıqdır. Sərhəddə öz bayrağını görəndə hiss etdiyin doğmalıqdır. Xaricdə olanda Azərbaycan mahnısı eşidib sevinməkdir. Başqa ölkədə bir azərbaycanlı görəndə doğma adam tapmış kimi yaxınlaşmaqdır.
Azərbaycan bizim uşaqlığımızdır. Bayram günləri bir süfrə başına yığışan ailədir. Qış axşamı soba yanında edilən söhbətdir. Küçələrdə oynadığımız uşaqlıqdır. İnsan bu torpağın hər şeyinə bağlanır. Müstəqilliyin dəyəri həm də ondadır ki, insan qorxmadan gələcəyini qura bilir. Oxuyur, işləyir, arzular qurur. Çünki bilir ki, arxasında öz dövləti, öz bayrağı var.
Bir düşünün… Əgər insanın Vətəni olmasa, hara aid olduğunu necə hiss edər? Harada özünü doğma hiss edər? Kimə “mənim xalqım” deyər? İnsan Vətənə ürəyi ilə bağlanır. Ona görə də bayraq görəndə kövrəlir, himn eşidəndə ayağa qalxır, Azərbaycan adı gələndə qürur hiss edir.
Müstəqillik öz torpağında azad yaşamaqdır. Öz ana dilində rahat danışmaqdır. Öz bayrağını görəndə ürəyinin isinməsidir. Başını dik tutub “Mən azərbaycanlıyam!” deməkdir. Çünki insanın Vətəni varsa, deməli dünyada onun arxalandığı bir yurdu var. Və insan bir gün anlayır ki, dünyanın ən böyük zənginliyi öz torpağında azad yaşamaqdır, müstəqil olmaqdır…
Müstəqillik Günümüz Mübarək!
Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini



