
Tarix bəzən xalqların taleyində elə imkanlar yaradır ki, həmin məqamlarda atılan addımlar gələcək nəsillərin yolunu müəyyənləşdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlərin sürətlə inkişaf etməsi, iki qardaş ölkənin qarşılıqlı etimad və həmrəylik əsasında daha da yaxınlaşması məhz belə mühüm tarixi mərhələlərdən biridir.
Azərbaycan–Özbəkistan münasibətlərini yalnız diplomatik əlaqələrlə məhdudlaşdırmaq mümkün deyil. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və eyni kökdən gələn xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlıq bağları dayanır. Bakı ilə Daşkəndi, Şuşa ilə Xivanı birləşdirən bu mənəvi bağlar bu gün müasir siyasi və strateji tərəfdaşlığın möhkəm əsasına çevrilib.
Dövlətimizin başçısı cənab İlham Əliyevin milli maraqlara və uzaqgörən strategiyaya əsaslanan xarici siyasəti Türk dünyasının birliyinin daha da güclənməsinə mühüm töhfə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad isə iki ölkə arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayır. Liderlər arasındakı yüksək səviyyəli münasibətlər xalqlarımızın tarixi və mənəvi yaxınlığını siyasi iradə ilə daha da möhkəmləndirir.
Bu gün Xəzərdən keçən nəqliyyat və enerji layihələri yalnız iqtisadi əməkdaşlığın göstəricisi deyil. Bu layihələr Azərbaycanı Mərkəzi Asiya ilə, Türk dünyasını isə daha geniş coğrafiya ilə birləşdirən strateji körpülərdir. Nəqliyyat dəhlizlərinin inkişafı, qarşılıqlı investisiyalar, enerji əməkdaşlığı, təhsil və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilir.
İşğaldan azad edilmiş ərazilərimizdə Özbəkistanın göstərdiyi qardaşlıq və həmrəylik də bu münasibətlərin yalnız siyasi deyil, həm də mənəvi mahiyyət daşıdığını nümayiş etdirir. Bu addımlar xalqlarımız arasında dostluğun gələcək nəsillərə ötürülən canlı nümunəsidir.
Dünya siyasətində şərtlər və siyasi reallıqlar dəyişə bilər. Lakin ortaq tarixə, qarşılıqlı etimada və ümumi dəyərlərə söykənən qardaşlıq münasibətləri zamanın sınaqlarından daha güclü çıxır. Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafı yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün biz Qafqazdan Mərkəzi Asiyaya uzanan yeni bir əməkdaşlıq xəritəsinin formalaşmasının şahidiyik. Bu yol bizi yalnız coğrafi baxımdan deyil, tariximiz, mədəniyyətimiz və ortaq gələcəyə dair məqsədlərimizlə də birləşdirir.
Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi



