AnalitikaGündəmSiyasət

Azərbaycanın Geosiyasi Təzyiqlərə Qarşı “Keçilməz Səddi”

Bu gün dünyada geosiyasi vəziyyətin mürəkkəbləşməsi bir çox dövlətlər üçün müstəqil siyasət yürütməyi daha çətin edir. Böyük dövlətlər arasında maraqların toqquşması, müxtəlif regionlarda davam edən münaqişələr və informasiya məkanında artan rəqabət beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Belə bir şəraitdə IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil siyasət yürütməsinin və xarici təsirlərdən asılı olmamasının ölkənin əsas prinsiplərindən biri olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan hər hansı geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən milli maraqlarını rəhbər tutan siyasət həyata keçirir.

Azərbaycan qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf etdirdiyini bildirir. Rəsmi Bakı regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini dəfələrlə vurğulayıb.

Ölkənin enerji və nəqliyyat layihələri də müstəqil qərarlar əsasında həyata keçirilir. Bununla yanaşı, beynəlxalq münasibətlərdə müxtəlif dövlətlərin Cənubi Qafqazla bağlı fərqli yanaşmaları müşahidə olunur. Azərbaycan isə öz mövqeyini beynəlxalq hüquq, suverenlik və milli maraqlar əsasında formalaşdırdığını bəyan edir.

Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və milli maraqların qorunmasına verdiyi önəmi bir daha nümayiş etdirdi. Rəsmi mövqeyə görə, ölkənin gələcək inkişafı daxili sabitliyin qorunması, müstəqil siyasətin davam etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində qurulur.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button