
28 May 1918-ci il… Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə tariximizə qızıl hərflərlə yazılan, milli dövlətçilik ruhunun təntənəsini təcəssüm etdirən müqəddəs bir təqvim. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi sadəcə bir xalqın azadlıq fəryadı deyil, həm də coğrafiyamızda dərin və sarsılmaz demokratik ənənələrin təməlinin qoyulması idi. Bu gün Bakının mərkəzində ucalan İstiqlal Bəyannaməsi abidəsi də məhz həmin tarixi sənədə, ulu babalarımızın dövlətçilik ənənələrinə sadiqliyimizin əbədi simvolu, keçmişlə gələcək arasında qurulmuş mənəvi körpüdür.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət dövründə əldə olunmuş mühüm nailiyyətlər — parlamentli respublika modelindən tutmuş, qadınlara seçki hüququnun verilməsinə, milli ordunun qurulmasından ana dilinin dövlət dili elan edilməsinə qədər — xalqımızın dövlət yaratmaq potensialının nə qədər nəhəng olduğunu bütün dünyaya sübut etdi. Lakin tarixin amansız gedişatı bu gənc respublikanın ömrünü yarımçıq qoydu. Çünki Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə vurğuladığı kimi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan məhz ümummilli liderin rəhbərliyi ilə həmin o çətin vəzifənin öhdəsindən gəldi, xaosdan xilas olaraq milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi yoluna qədəm qoydu. Heydər Əliyev hər zaman xatırladırdı ki, “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. Bu mirasın hüquqi və mənəvi varisi olmaq hər bir azərbaycanlının çiyinlərinə böyük məsuliyyət qoyurdu.
Bu gün həmin məsuliyyətin və tarixi vədin tam mənası ilə reallığa çevrildiyi möhtəşəm bir dövrdə yaşayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin ən müqəddəs yadigarı olan üçrəngli bayrağımızın bu gün artıq işğaldan tam azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə qürurla dalğalanması sadəcə bir hərbi-siyasi uğur deyil. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə bəxş etdiyi unudulmaz dövlətçilik əmanəti, tarixin ədalət tərəzisinin yenidən bərqərar olmasıdır. Cümhuriyyət qurucularının arzuları, yarımçıq qalmış niyyətləri bu gün bütöv və güclü Azərbaycanda öz real əksini tapıb. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi bu fikirlər bizim indiki və gələcək yol xəritəmizdir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Artıq hər bir azərbaycanlı 28 May Müstəqillik Gününü sadəcə keçmişin böyük bir xatirəsi kimi deyil, həm də bugünkü qalibiyyətimizin, sarsılmaz birliyimizin simvolu kimi qeyd edir. Biz tariximizin ən güclü, ən nüfuzlu və suverenliyini tam bərpa etmiş bütöv bir dövrün şahidləriyik. Bu gün hər birimizin qəlbində və dilində əks-səda doğuran, bizi daha parlaq sabahlara aparan rəhbər şüar isə dəyişməzdir: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”
Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi



