
28 May Azərbaycan xalqının tarixində mühüm və şərəfli günlərdən biridir. 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız ilk dəfə müstəqil və demokratik dövlət qurmuşdur. Bu, təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk demokratik respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə silinməz iz qoymuşdur. Həmin dövrdə dövlət bayrağı, himni və gerbi formalaşdırılmış, milli ordu yaradılmış, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmişdir. Eyni zamanda qadınlara seçki hüququnun verilməsi ölkədə demokratik dəyərlərin göstəricisi olmuşdur. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin ölkədə yaranmış mürəkkəb siyasi vəziyyət dövlətçiliyimiz üçün ciddi təhlükələr yaradırdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanda sabitlik təmin olundu, müstəqilliyimiz qorunub möhkəmləndirildi və ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha güclü və qüdrətli dövlətə çevrilmişdir. Qarabağda əldə olunan tarixi Zəfər də müstəqil Azərbaycanın gücünü və xalqımızın birliyini bütün dünyaya göstərmişdir.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, milli qürurunu və dövlətçilik ənənələrini özündə əks etdirən əlamətdar bayramdır. Müstəqilliyimizi qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının ən vacib vəzifəsidir.
Vüqar Quliyev,
Neft Kəmərləri İdarəsinin əməkdaşı, Nizami rayonu fəalı



