AnalitikaGündəmSiyasət

Bakı qlobal şəhərsalma dialoqunun mərkəzində Yeniləşən dünya və tarixi qayıdışın möhtəşəm sintezi

Bakı növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edərək dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Mayın 18-də paytaxtımızda işə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müasir dünyanın ən aktual çağırışlarının müzakirə olunduğu nüfuzlu platformaya çevrildi. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu və proqram xarakterli çıxışı regional reallıqları qlobal inkişaf meyilləri ilə uzlaşdıran mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının nitqi Azərbaycanın yalnız bugünkü inkişafını deyil, həm də gələcəyin dayanıqlı və yaşıl şəhərlərinin qurulmasına yönəlmiş strateji baxışını əks etdirdi.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri cari ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması idi. Bu qərar yalnız rəmzi xarakter daşımır, eyni zamanda ölkədə müasir urbanizasiya prinsiplərinin tətbiqi, tarixi-mədəni irsin qorunması və şəhər mühitinin estetik inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan zəngin memarlıq ənənələrini innovativ texnologiyalarla uğurla sintez edərək inkişaf etməkdə olan ölkələr üçün nümunəvi model formalaşdırır. Şəhərsalma sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi həm ekoloji tarazlığın qorunmasına, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Forum çərçivəsində diqqət mərkəzində olan əsas məsələlərdən biri də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Prezident İlham Əliyev çıxışında bu prosesi yalnız infrastrukturun yenidən qurulması deyil, həm də tarixi ədalətin bərpası və bütöv bir regionun dirçəldilməsi kimi dəyərləndirdi. Uzun illər ərzində dağıdılmış şəhər və kəndlər bu gün ən müasir beynəlxalq standartlara uyğun şəkildə yenidən inşa edilir. Həmin ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, eləcə də “yaşıl enerji” zonalarının yaradılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsidir.

Azərbaycan bu gün postmünaqişə dövründə dayanıqlı inkişaf modelini uğurla həyata keçirərək dünya üçün mühüm nümunə ortaya qoyur. Xarici maliyyə dəstəyi olmadan, daxili resurslar hesabına həyata keçirilən bu genişmiqyaslı quruculuq prosesi ölkəmizin iqtisadi gücünü, siyasi iradəsini və strateji baxışını nümayiş etdirir.

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, eyni zamanda qlobal inkişaf təşəbbüslərinə töhfə verən, müasir şəhərsalma və dayanıqlı inkişaf sahəsində nümunəvi təcrübə formalaşdıran aparıcı dövlətlərdən biridir. Bakı Forumunda təqdim olunan Qarabağ və Şərqi Zəngəzur modeli müharibədən zərər çəkmiş ərazilərin qısa müddətdə inkişaf və rifah məkanına çevrilməsinin canlı nümunəsidir.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının
ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button