AnalitikaGündəmSiyasət

Bakı qlobal şəhərsalma mərkəzinə çevrilərək Azərbaycanın davamlı inkişaf modelini dünyaya təqdim etdi

2026-cı il mayın 18-də Bakı şəhəri daha bir mühüm beynəlxalq tədbirə – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdi. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən bu mötəbər platforma qlobal urbanizasiya məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şəhərsalma siyasəti, davamlı inkişaf strategiyası və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş fikirlər səsləndirdi. Dövlət başçısı çıxışında vurğuladı ki, Bakı şəhərinin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və etimadının bariz göstəricisidir. Qeyd olundu ki, forumda 180-dən çox ölkədən on minlərlə iştirakçının qeydiyyatdan keçməsi bu platformanın qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Prezident İlham Əliyev bildirdi ki, müasir dövrdə urbanizasiya prosesləri yalnız şəhərlərin fiziki inkişafı ilə məhdudlaşmır, eyni zamanda sosial rifah, ekoloji tarazlıq və iqtisadi dayanıqlılıq kimi mühüm faktorları da özündə birləşdirir. Çıxışda Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələrə xüsusi diqqət yetirildi. Prezident qeyd etdi ki, paytaxt Bakı son illər ərzində həm tarixi irsin qorunması, həm də müasir memarlıq nümunələrinin yaradılması istiqamətində ciddi uğurlar əldə edib. İçərişəhər kimi qədim mədəni irs nümunələri ilə yanaşı, müasir infrastruktur layihələrinin paralel inkişafı Bakını regionun ən dinamik şəhərlərindən birinə çevirib. Eyni zamanda, şəhər nəqliyyatı, yaşıllıq zonalarının genişləndirilməsi və sahilyanı ərazilərin abadlaşdırılması istiqamətində görülən işlər şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə də toxundu. Bildirildi ki, bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış məntəqələri qurulur. İnnovativ texnologiyaların tətbiqi, ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə və dayanıqlı infrastrukturun yaradılması Azərbaycanın gələcəyə yönəlmiş şəhərsalma modelinin əsasını təşkil edir. Dövlət başçısı həmçinin vurğuladı ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən xüsusi diqqətin təzahürüdür. Bu çərçivədə ölkədə bir sıra beynəlxalq və milli səviyyəli tədbirlərin keçirilməsi planlaşdırılır ki, bu da Azərbaycanın şəhərsalma sahəsində qlobal təşəbbüslərə verdiyi töhfəni daha da artıracaq. Çıxışın əsas mesajlarından biri də beynəlxalq əməkdaşlığın əhəmiyyəti ilə bağlı oldu. Prezident İlham Əliyev qeyd etdi ki, müasir çağırışların öhdəsindən gəlmək üçün dövlətlər arasında təcrübə mübadiləsi və birgə fəaliyyət vacibdir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu kimi platformalar ölkələr arasında dialoqu gücləndirir və ortaq həll yollarının tapılmasına imkan yaradır. Nəticə etibarilə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirməklə yanaşı, ölkənin davamlı inkişaf və müasir şəhərsalma sahəsindəki uğurlarını dünya ictimaiyyətinə təqdim etmək baxımından mühüm rol oynadı. Prezident İlham Əliyevin çıxışı isə bu istiqamətdə Azərbaycanın strateji baxışını və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button