AnalitikaGündəmSiyasət

Konstitusiya və iqtisadi müstəqillik: güclü dövlətin hüquqi-iqtisadi əsasları

Dövlət müstəqilliyinin davamlılığı yalnız siyasi suverenliyin mövcudluğu ilə təmin olunmur. İqtisadi müstəqillik, milli resurslardan səmərəli istifadə, mülkiyyət hüququnun qorunması və əlverişli investisiya mühitinin formalaşdırılması da güclü dövlətin əsas şərtlərindəndir. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə iqtisadi münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirərək bazar iqtisadiyyatının inkişafı üçün fundamental təminatlar yaradıb.

1995-ci ildə qəbul edilən Konstitusiyada mülkiyyətin müxtəlif formalarının tanınması və bərabər şəkildə qorunması iqtisadi sistemin yenidən qurulması baxımından mühüm addım idi. Sovet dövrünün mərkəzləşdirilmiş iqtisadi modelindən bazar münasibətlərinə keçid hüquqi təminatların yaradılmasını zəruri edirdi. Mülkiyyət hüququnun konstitusion səviyyədə qorunması sahibkarlığın inkişafı, investisiya fəaliyyətinin genişlənməsi və iqtisadi təşəbbüskarlığın təşviqi üçün zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini sürətləndirdi. Özəlləşdirmə, torpaq islahatları, sahibkarlıq fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılması və xarici investisiyaların cəlb edilməsi ölkənin iqtisadi strukturunun dəyişməsinə şərait yaratdı. Bu tədbirlər müstəqil dövlətin maliyyə və iqtisadi dayaqlarının möhkəmlənməsində mühüm rol oynadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə və regional inkişaf istiqamətlərində yeni proqramlar həyata keçirilib. Enerji layihələri Azərbaycanın beynəlxalq iqtisadi mövqelərini gücləndirməklə yanaşı, ölkənin infrastruktur və sosial layihələrinin maliyyələşdirilməsinə də imkan yaradıb. Rəqəmsal iqtisadiyyat, innovasiya və nəqliyyat-logistika sahələrində görülən işlər iqtisadi müstəqilliyin yeni mərhələsini formalaşdırır.

İqtisadi inkişafın hüquqi təminatları vətəndaşların rifahının yüksəldilməsi, sosial bərabərliyin möhkəmləndirilməsi və dövlətin beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Konstitusiyanın müəyyən etdiyi iqtisadi prinsiplər ölkənin uzunmüddətli inkişaf strategiyasının hüquqi əsaslarını təşkil edir. Güclü iqtisadiyyat isə Azərbaycanın suverenliyinin və milli maraqlarının qorunması üçün vacib resurs olaraq qalır.

Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button