
Demokratik dövlət quruluşunun əsas şərtlərindən biri dövlət hakimiyyətinin müxtəlif qollar arasında bölüşdürülməsi və onların fəaliyyətində qarşılıqlı tarazlıq mexanizmlərinin mövcudluğudur. Bu prinsip hakimiyyətin bir mərkəzdə cəmləşməsinin qarşısını almağa, dövlət institutlarının səlahiyyətlərini müəyyənləşdirməyə və idarəçilikdə hüquqi məsuliyyəti gücləndirməyə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsünü dövlət quruluşunun əsas prinsiplərindən biri kimi təsbit edib.
1995-ci ildə qəbul edilən Əsas Qanuna əsasən, dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Bu bölgü hər bir hakimiyyət qolunun fəaliyyət istiqamətlərini və hüquqi səlahiyyətlərini müəyyənləşdirir. Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir, Prezident icra hakimiyyətinin fəaliyyətini təmin edir, məhkəmələr isə ədalət mühakiməsini həyata keçirirlər. Bu sistem dövlət idarəçiliyində funksional bölgü və hüquqi məsuliyyət mexanizmlərinin formalaşmasına imkan yaradır.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsində hakimiyyət bölgüsü prinsipinin təsbit edilməsi müstəqil Azərbaycanın demokratik dövlət modelinə keçidi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu prinsip sovet dövrünün mərkəzləşdirilmiş idarəçilik modelindən fərqli olaraq, müasir hüquqi dövlətin institusional əsaslarını müəyyənləşdirdi. Dövlət hakimiyyətinin fəaliyyətinin konstitusion çərçivədə tənzimlənməsi siyasi sistemin sabitliyi üçün mühüm zəmin yaratdı.
Sonrakı illərdə aparılan konstitusion və institusional islahatlar hakimiyyət qollarının fəaliyyətinin təkmilləşdirilməsinə yönəldi. Xüsusilə məhkəmə sisteminin müasirləşdirilməsi, qanunvericilik bazasının yenilənməsi və icra hakimiyyətində idarəçilik səmərəliliyinin artırılması hüquqi dövlət quruculuğunun mühüm istiqamətləri kimi çıxış etdi. Bu proseslər dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin daha sistemli təşkilinə xidmət edir.
Hakimiyyət bölgüsü prinsipi yalnız hüquqi mexanizm deyil, həm də dövlət idarəçiliyində məsuliyyət və hesabatlılıq mədəniyyətinin formalaşmasının əsas vasitəsidir. Onun səmərəli tətbiqi qanunların aliliyinin qorunmasına, vətəndaş hüquqlarının təmin edilməsinə və siyasi sabitliyin möhkəmlənməsinə töhfə verir. Azərbaycan dövlətçiliyinin gələcək inkişafında bu prinsipin konstitusion mahiyyətinə uyğun tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini



