
Dövlət bayrağı hər bir müstəqil ölkənin beynəlxalq aləmdə tanıdılmasında və daxili sabitliyinin qorunmasında əsas atributlardan biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımız gənc respublikamızın demokratik prinsiplərə sadiqliyini dünyaya bəyan edirdi. O dövrdə qəbul edilən qərarlar bu gün də dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edir.
Cümhuriyyət süqut etdikdən sonra belə, bayrağımız mühacirətdə olan ziyalılarımız tərəfindən qorunmuş və təbliğ edilmişdir. Xaricdə yaşayan soydaşlarımız üçün bu bayraq Vətənin simvolu, həsrətin və ümidin ünvanı olmuşdur. Azərbaycan xalqı sovet rejiminin təzyiqlərinə baxmayaraq, milli simvollarını unutmamış və münasib zamanı gözləmişdir.
Müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız BMT Təşkilatının binası qarşısında və digər nüfuzlu beynəlxalq təşkilatlarda qaldırılmışdır. Bu, Azərbaycanın suveren bir dövlət kimi dünya birliyinin bərabərhüquqlu üzvü olduğunu nümayiş etdirən tarixi hadisə idi. Bayrağımız ölkəmizin xarici siyasət uğurlarının və beynəlxalq nüfuzunun göstəricisidir.
Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində rəsmi tədbirlərdə, idman yarışlarında və beynəlxalq zirvələrdə qürurla dalğalanır. Hər dəfə bayrağımız ucaldıldıqda və himnimiz səsləndikdə, milyonlarla azərbaycanlının qəlbi qürur hissi ilə dövrt edir. Bu, dövlətimizin gücünün və xalqımızın birliyinin real təzahürüdür.
Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü



