AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

25 oktyabr Qubadlı şəhəri günü şanlı Zəfərin təntənəsi, milli qürurumuzun simvoludur

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

27 ildən sonra Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Azərbaycan Ordusunun şücayəti və peşəkarlığı nəticəsində ilk növbədə şəhərə hakim olan yüksəkliklər götürülüb, oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı rayonun azad olunması strateji baxımdan Azərbaycanın daha bir üstünlüyü əldə etməsinə gətirib çıxardı. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı rayonunun azad edilməsi ilə Azərbaycan Ermənistanla 120 kilometr sərhədini də özünün nəzarətinə almış oldu. Bu, Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

2020-ci il 23 dekabrda Prezident İlham Əliyev Qubadlıda Azərbaycanın dövlət bayrağını ucaldıb.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub. Artıq xalqımız 6-cı ildir bu əlamətdar günü böyük iftixar hissi ilə qeyd edir.

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi bu gün Qubadlıda da böyük quruculuq, bərpa-tikinti işləri aparılır.Qubadlının yeni inkişaf tarixi başlanıb.

Dövlətin diqqəti və qayğısı sayəsində Qubadlı qısa müddət ərzində ölkənin ən abad və müasir rayonlarından birinə çevrilməkdədir. Bu quruculuq prosesi həm də Azərbaycan xalqının yaradıcı ruhunun və sarsılmaz gücünün təcəssümüdür. Qubadlı Şəhər Günü bu dirçəlişin, görülən nəhəng işlərin və qürurlu gələcəyin bayramı kimi qeyd olunur. Hər daşın, hər qayanın yenidən dirçəldiyi bu torpaq Azərbaycanın gücünü dünyaya nümayiş etdirir. Qubadlı artıq ölümsüz bir dirçəliş hekayəsi yazır və bu hekayə hər bir azərbaycanlının qürur mənbəyidir.

Qəhrəman Qasımov,
Nizami rayon fəalı, Əməkdar müəllim

Oxşar Xəbərlər

Back to top button