
22 İyul – Azərbaycan Milli Mətbuatı Günü təkcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, xalqımızın milli oyanışının, maarifçilik hərəkatının və azad fikir ənənələrinin təməlidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoyaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında yeni bir mərhələnin başlanğıcını yaratdı.
Çar Rusiyasının sərt senzurasına və mövcud çətinliklərə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsi, elmə, milli özünüdərkə və tərəqqiyə çağırış missiyasını uğurla yerinə yetirdi. Həsən bəy Zərdabi və onun silahdaşları Azərbaycan mətbuatının möhkəm təməllərini formalaşdıraraq gələcək nəsillərə zəngin irs bəxş etdilər.
“Əkinçi”dən sonra fəaliyyət göstərən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və “Füyuzat” kimi qəzet və jurnallar milli düşüncənin, ictimai fikrin və maarifçilik ideyalarının inkişafında mühüm rol oynadı. Bu nəşrlər yalnız informasiya mənbəyi deyil, həm də xalqın maariflənməsinə xidmət edən mühüm tribuna idi.
Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə 1998-ci ildə senzuranın ləğv edilməsi söz və mətbuat azadlığının inkişafına mühüm təkan verdi. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsinin inkişafı, jurnalistlərin sosial rifahı və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür. Xəbərin operativliyi ilə yanaşı, onun dəqiqliyi, obyektivliyi və etibarlılığı əsas prinsiplər olaraq qalır. Xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan jurnalistləri informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadılar.
22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin əziz xatirəsini ehtiramla yad edir, milli mətbuatımızın inkişafına töhfə vermiş bütün ziyalıları və bu gün də cəmiyyətin doğru məlumatlandırılması naminə çalışan media nümayəndələrini ürəkdən təbrik edirik.
Qələminiz daim kəsərli, sözünüz həmişə həqiqətin və milli maraqların xidmətində olsun!
Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi



