AnalitikaGündəmSosial

22 İyul – Milli Mətbuat Günü: Mətbuat azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindəndir

Hər il 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilməsi milli jurnalistikamızın zəngin ənənələrinə, söz və fikir azadlığının inkişafına verilən yüksək dəyərin təzahürüdür.

Mətbuat azadlığı hüquqi, demokratik dövlətin əsas sütunlarından biridir. Azad və məsuliyyətli media cəmiyyətin düzgün məlumatlandırılmasına, şəffaflığın təmin olunmasına, ictimai rəyin formalaşmasına və vətəndaşların informasiya əldə etmək hüququnun reallaşmasına mühüm töhfə verir. Bununla yanaşı, mətbuat azadlığı peşəkarlıq, obyektivlik, qanunun aliliyi və etik prinsiplərlə vəhdət təşkil etdikdə daha səmərəli nəticələr verir.

Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığı Konstitusiya ilə təmin edilir. Dövlət tərəfindən media sahəsinin inkişafı, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, informasiya texnologiyalarının geniş tətbiqi və media institutlarının müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar medianın peşəkarlığının yüksəldilməsinə, cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Müasir dövrdə informasiya məkanının sürətlə dəyişdiyi bir şəraitdə media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət düşür. Dezinformasiya və saxta xəbərlərlə mübarizə, milli maraqların qorunması, obyektiv və operativ informasiyanın ictimaiyyətə çatdırılması jurnalist fəaliyyətinin əsas istiqamətlərindən biridir. Peşə etikası normalarına riayət edilməsi, faktlara əsaslanan jurnalistika və cəmiyyət qarşısında məsuliyyət prinsipi media fəaliyyətinin etibarlılığını daha da artırır.

Azərbaycan mediası Vətən müharibəsi dövründə və sonrakı mərhələdə dövlətimizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, milli maraqların müdafiəsində və informasiya müharibəsində mühüm rol oynayaraq yüksək peşəkarlıq nümayiş etdirmişdir. Bu təcrübə bir daha göstərdi ki, azad, məsuliyyətli və milli maraqlara sadiq media dövlətçiliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır.

İsrayılov Amil,
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button