Analitika

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasətində rolu

1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, bununla da müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev  nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu.

Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə ilk öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində Ulu Öndər tərəfindən atılmış qətiyyətli addımlar, milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş tədbirlər əsas rol oynadı.

Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanmış, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması məhz Ulu Öndərin təməlini qoyduğu xarici siyasət ilə bağlıdır.

Dahi lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində böyük şəxsiyyət, Azərbaycanın ümidi və xilaskarı, rəşadətli sərkərdəsi və qəhrəmanıdır. Bütün sahələrdə -hüquqi dövlət quruculuğunda , islahatların aparılmasında, hərbi quruculuqda, xarici diplomatiyada, milli həmrəyliyin formalaşdırılmasında və digər çox mühüm sahələrdə əvəzedilməz dövlət başçısı, xalqına sədaqətlə xidmət edən oğul olduğunu dönə-dönə təsdiqləmişdir.

Heydər Əliyev yorulmazlığı, müdrikliyi və zəngin intellekti ilə bütün mövcud vasitələrlə Azərbaycanı dirçəldərək dünyada tanıtdı. Ölkəmizin ağır illərində əsrin ən böyük neft müqaviləsinin imzalanması, həmçinin neçə-neçə quruculuq işlərinin, mütərəqqi islahatlarının aparılması Heydər Əliyevin  məqsədyönlü, çətin və şərəfli fəaliyyətinin nəticəsidir. Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini təmin etmişdir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button