AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev və tarixi yaddaşın dövlətçilik baxımından əhəmiyyəti

Tarixi yaddaş hər bir dövlətin milli özünüdərkinin mühüm elementlərindən biridir. Dövlətçilik ənənələrinin qorunması yalnız keçmişin xatırlanması deyil, tarixi təcrübənin gələcək nəsillərə ötürülməsi deməkdir. 1990-cı illərin əvvəlində müstəqil Azərbaycanın qarşısında duran vəzifələrdən biri də milli tarixə yeni, daha obyektiv yanaşmanın formalaşdırılması idi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin tarix məsələsinə verdiyi əhəmiyyət ayrıca araşdırma mövzusudur.

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin müxtəlif mərhələlərinin obyektiv araşdırılmasını, hadisələrin siyasi stereotiplərdən kənar qiymətləndirilməsini vacib hesab edirdi. Bu yanaşmanın əsas məğzi ondan ibarət idi ki, xalqın tarixini yalnız müəyyən bir dövrün ideoloji çərçivəsinə salmaq mümkün deyil. Azərbaycanın tarixində müxtəlif siyasi sistemlər, sosial dəyişikliklər, repressiyalar, iqtisadi və mədəni inkişaf mərhələləri olub və bunların hər biri elmi şəkildə araşdırılmalıdır.

Belə yanaşma tarixi şəxsiyyətlərə münasibətdə də obyektivlik tələb edir. Azərbaycan tarixində müxtəlif dövrlərdə yaşamış və fəaliyyət göstərmiş siyasi, ədəbi, elmi və ictimai xadimlərin irsi siyasi simpatiyalardan asılı olmayaraq araşdırılmalıdır. Bu, milli tarixşünaslığın elmi səviyyəsinin yüksəldilməsi baxımından mühüm prinsipdir.

Tarixi yaddaşın dövlətçiliklə əlaqəsi xüsusilə gənc nəslin milli dünyagörüşünün formalaşdırılması məsələsində özünü göstərir. Tarixini bilən cəmiyyət dövlət müstəqilliyinin əldə olunmasının hansı mərhələlərdən keçdiyini, dövlətçilik ənənələrinin hansı sınaqlardan keçdiyini və müstəqilliyin qorunmasının hansı məsuliyyət tələb etdiyini daha yaxşı dərk edə bilər.

Bu baxımdan 3 oktyabr 1993-cü il də Azərbaycan tarixinin mühüm dönüş nöqtələrindən biri kimi yaddaşda saxlanılmalıdır. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlətçilik tarixinin yeni mərhələsi başlandı və bu mərhələnin tədqiqi müasir Azərbaycanın formalaşma prosesini anlamaq baxımından əhəmiyyətlidir. Tarixi yaddaşın elmi əsaslarla qorunması isə dövlətçilik şüurunun gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button