AnalitikaDünyaGündəmSiyasət

TDT daxilində təhlükəsizlik arxitekturası anlayışı

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının diqqət çəkən məqamlarından biri ortaq təhlükəsizlik arxitekturası məsələsinin gündəmə gətirilməsi olub. Prezident İlham Əliyev toplantıya müraciətində təhlükəsizlik şuraları katiblərinin mütəmadi görüşlərinin TDT məkanında təhlükəsizlik sahəsində dialoqu yeni səviyyəyə qaldıraraq ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət etdiyini bildirib.

Ortaq təhlükəsizlik arxitekturası anlayışı vahid hərbi strukturun yaradılması ilə eyniləşdirilməməlidir. Burada əsas məsələlərdən biri dövlətlərin üzləşdiyi ortaq risklər haqqında məlumatlılığın artırılması, təhlükəsizlik qurumları arasında əlaqələrin qurulması və qarşılıqlı təcrübənin paylaşılmasıdır. TDT ölkələrinin milli təhlükəsizlik sistemləri fərqli olsa da, terrorizm, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və kibertəhdidlər kimi bir sıra risklər ümumi xarakter daşıyır.

Belə bir yanaşmanın formalaşması üçün institusional dialoqun davamlılığı mühüm şərtdir. Təhlükəsizlik şuraları katiblərinin müntəzəm görüşləri müxtəlif dövlətlərin prioritetlərini bir masa arxasında müzakirə etməyə imkan verir. Prezident İlham Əliyevin Beşinci Toplantının əhəmiyyətini məhz bu kontekstdə vurğulaması təhlükəsizlik əməkdaşlığının TDT-nin institusional gündəliyində ayrıca istiqamətə çevrildiyini göstərir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı bu baxımdan gələcək təhlükəsizlik əməkdaşlığının konseptual çərçivəsinin müzakirə edildiyi platforma kimi qiymətləndirilə bilər. Bakıda səsləndirilən fikirlər təhlükəsizlik arxitekturasının informasiya mübadiləsi, koordinasiya və ortaq risklərin müəyyənləşdirilməsi üzərində qurula biləcəyini göstərir. Bu istiqamətin gələcək toplantılarda daha konkret mexanizmlərlə zənginləşdirilməsi mümkün əməkdaşlıq sahələrindən biridir.

Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button