AnalitikaGündəmSiyasət

Tarixi yaddaş və gələcəyə baxış

Millətin gələcəyini qurmaq üçün onun keçmişini bilmək və tarixi yaddaşını qorumaq vacibdir. Azərbaycan xalqının Qarabağla bağlı yaddaşı çoxəsrlik tarix, mədəni irs və ağır sınaqlarla zəngindir. Bu yaddaşın mühüm səhifələri Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlıdır. Ona görə də 20 Sentyabrın həmin şəhərlərin günü kimi qeyd olunması yalnız təqvim hadisəsi deyil, tarixi yaddaşın dövlət səviyyəsində yaşadılmasının nümunəsidir.

 

Tarixi yaddaşın qorunması xüsusilə Xocalı nümunəsində aydın görünür. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə Prezident sərəncamı faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımdır. Memorialların, tarixi məkanların və mədəni irs nümunələrinin qorunması gələcək nəsillərə keçmiş haqqında doğru məlumatın çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də Qarabağda bərpa prosesinin yalnız iqtisadi və infrastruktur xarakteri daşımadığını göstərir.

 

Lakin tarixə hörmət gələcəyə baxmağa mane olmamalıdır. Əksinə, keçmişin dərsləri gələcək inkişaf üçün əsas olmalıdır. Qarabağda yeni şəhər və kəndlərin salınması, müasir sosial infrastrukturun yaradılması, insanların qayıdışının təmin olunması gələcəyə yönəlmiş siyasətin göstəriciləridir. Xankəndidə nəqliyyat infrastrukturunun yaradılması, Xocalıda yaşayış məhəllələrinin formalaşdırılması, digər ərazilərdə bərpa layihələrinin həyata keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

Bu gün Qarabağın yeni mənzərəsində iki anlayış yanaşı dayanır: yaddaş və gələcək. Yaddaş keçmişi qoruyur, gələcək isə həmin tarixdən sonra qurulan yeni həyatı ifadə edir. Azərbaycan üçün əsas məsələ bu iki istiqaməti bir-birindən ayırmadan inkişaf etdirməkdir. Qarabağda qurulan hər bir yeni məktəb tariximizi bilən gələcək nəsil, hər bir yeni ev isə doğma torpağında sabaha inamla yaşayan ailə deməkdir.

Aysel Məmmədova,

YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button