
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələ qarşılıqlı etimada, siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya və regional təhlükəsizlik kimi strateji istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə əsaslanır.
Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur.
Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır. Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regionda davamlı sülhün möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji tərəfdaşlığın yeni mərhələsi isə bu siyasətin uğurlu nəticəsi olmaqla yanaşı, gələcək illərdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyinin mühüm göstəricisidir.
Ramil Babayev,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi



