AnalitikaGündəmSiyasət

Konstitusiya Günü milli dövlətçilik tariximizin mühüm siyasi rəmzidir

Hər bir xalqın tarixində onun siyasi iradəsini, milli kimliyini və dövlətçilik ənənələrini ifadə edən mühüm tarixlər mövcuddur. Azərbaycan xalqı üçün 12 noyabr – Konstitusiya Günü məhz belə əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsini, dövlətçiliyin hüquqi əsaslarının formalaşmasını və xalqın demokratik gələcəyə dair iradəsini simvolizə edir.

Azərbaycanın konstitusion inkişaf tarixi müxtəlif siyasi mərhələləri əhatə edir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrini formalaşdırsa da, mövcud olduğu 23 ay ərzində Konstitusiya qəbul edə bilmədi. Sovet dövründə isə bir neçə konstitusiya qəbul olunsa da, onlar müstəqil dövlətçilik prinsiplərini tam ifadə etmirdi. Buna görə də 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycanın suveren dövlət kimi hüquqi inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Bu sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi. Həmin gün çoxpartiyalı sistem əsasında Milli Məclisə ilk seçkilərin keçirilməsi də ölkənin siyasi həyatında mühüm hadisə idi. 1996-cı ildə imzalanmış müvafiq fərmanla noyabrın 12-si Konstitusiya Günü elan edildi.

Konstitusiya Gününün qeyd olunması yalnız tarixi hadisənin xatırlanması deyil, həm də hüquqi dövlətçilik dəyərlərinin cəmiyyətə aşılanması baxımından əhəmiyyətlidir. Bu gün dövlət müstəqilliyinin, qanunun aliliyinin, insan hüquqlarının və vətəndaş məsuliyyətinin əhəmiyyəti bir daha diqqətə çatdırılır. Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyəti və hüquqi prinsipləri barədə məlumatlandırılması dövlətçilik şüurunun gücləndirilməsi baxımından vacibdir.

Müasir dövrdə Konstitusiya Gününün siyasi məzmunu Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə daha da zənginləşib. Dövlətin bütün ərazisində konstitusion hüquq qaydasının təmin olunması milli dövlətçilik tarixində yeni mərhələ yaradıb. Bu baxımdan, 12 noyabr yalnız hüquqi sənədin qəbul edildiyi tarix deyil, həm də müstəqil Azərbaycanın siyasi iradəsinin və milli birliyinin təntənəsidir.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button