
Prezident İlham Əliyevin 4 may 2026-cı il tarixində İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 8-ci Zirvə toplantısındakı videobağlantı vasitəsilə çıxışı, Azərbaycanın həm regional güc, həm də beynəlxalq hüququn sadiq müdafiəçisi kimi özünəinamını bütün dünyaya bir daha nümayiş etdirdi.
Toplantının ən mühüm detalı Sammitin Ermənistanın paytaxtında keçirilməsidir. Prezidentin Bakıdan videobağlantı ilə İrəvandakı auditoriyaya müraciət etməsi, Azərbaycanın regionda diktə etdiyi yeni reallıqların təsdiqi idi. Bu, sadəcə diplomatik bir iştirak deyil, qalib tərəfin sülh və əməkdaşlıq mesajlarını birbaşa “ünvana” çatdırması idi.
Prezidentin çıxışındakı ən yaddaqalan hissə Avropa Parlamentinə və Avropa Şurasına qarşı tutduğu qəti mövqe oldu. O, bu qurumların qərəzli və ikili standartlı yanaşmalarını kəskin tənqid edərək Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı rəsmən dayandırdığını, Euronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi üçün prosedurlara başlandığını bəyan etdi. Bu, “Avropa hər şeydir” stereotipini qıran, milli maraqları hər cür beynəlxalq təzyiqdən üstün tutan suveren dövlət başçısının iradəsi idi.
Prezident İlham Əliyev çıxışında sülh prosesini sabotaj etmək istəyən qüvvələrə (məsələn, Avropa Parlamentinə) baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğuladı. Ermənistanın baş naziri Nikol Paşinyana ASB Sammitini qəbul etdiyi üçün təbrik ünvanlaması isə diplomatik nəzakətdən daha çox, regionda gərginliyi azaltmaq və qarşılıqlı etimadı artırmaq istiqamətində atılmış strateji bir addım idi.
Çıxışın gələcəyə yönəlmiş ən mühüm anonsu 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərardır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və ASB daxilindəki digər dövlətlərin ölkəmizə olan etimadının ən bariz göstəricisidir.
Bu çıxış Azərbaycanın həm sərt (diplomatik cavablar), həm də yumşaq (sülh və əməkdaşlıq) gücünü birləşdirən “master-klass” idi. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil, lakin bərabərhüquqlu tərəfdaşlıq üçün qapılar hər zaman açıqdır.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



