Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir
“Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın yanındadır’’ – ‘’Ordularımız tək yumruq kimi hərəkət edir’’ sözlərini Türkiyə Respublikasının Prezidenti Ərdoğanla birgə mətbuat konfransı keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. O, bildirib ki, Azərbaycan xalqı Türkiyənin qardaş dəstəyini heç vaxt unutmayacaq.
Türkiyə bu gün dünyada söz sahibidir, sülhün təminatçısıdır. Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də önəmlidir. Türk dünyasının birləşməsi, ortaq mədəniyyətlərə malik xalqların birgə yaşaması Türk Dövlətləri Təşkilatının hər bir üzvünün gücünü gücləndirəcək.
2020-ci il sentyabr hadisələri göstərdi ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər.
Ölkə Prezidenti İlham Əliyev «TRT Haber» televiziya kanalına müsahibəsində bir daha “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Keçilən yola baxış əsasında dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil: «Odur ki, biz – bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.»
Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu-kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!
Kərimov Qara,
YAP-ın fəalı