
Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın dövlətçilik tarixində mühüm yer tutur. Bu bayrağın yaranması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlıdır. Cümhuriyyətin elan edilməsi xalqımızın müstəqil dövlət qurmaq iradəsinin tarixi təcəssümü olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da, dövlətçilik tariximizdə dərin iz qoymuşdur. Parlamentin yaradılması, dövlət idarəçiliyinin formalaşdırılması, təhsil və mədəniyyət sahələrində həyata keçirilən tədbirlər həmin dövrün mühüm nailiyyətləri idi. Üçrəngli bayraq isə bu dövlətin müstəqilliyini və milli ideallarını təmsil edirdi.
1920-ci ildə Cümhuriyyətin süqutundan sonra üçrəngli bayraq rəsmi dövlət rəmzi statusunu itirdi. Lakin onun ifadə etdiyi azadlıq ideyası xalqımızın yaddaşında yaşamaqda davam etdi. Milli istiqlal düşüncəsi müxtəlif dövrlərdə özünü göstərərək Azərbaycanın gələcək müstəqilliyinə mənəvi zəmin yaratdı.
1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi tarixi dönüş nöqtəsi oldu. 1991-ci ildə isə bayraq Azərbaycan Respublikasının dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Beləliklə, Cümhuriyyətin dövlətçilik mirası müstəqil Azərbaycan dövlətində davam etdirildi.
Bu gün üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətindən müasir dövlətimizə uzanan tarixi yolun canlı ifadəsidir. Bayrağımızın ucalığı xalqımızın müstəqillik əzmini və dövlətçilik ənənələrinin davamlılığını göstərir. Bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq hamımızın vətəndaşlıq borcudur.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



