Azərbaycan əsgərinin Vətən sevgisi – Qələbənin mənəvi qüvvəsi

Vətən müharibəsinin ən mühüm qəhrəmanlarından biri Azərbaycan əsgəri oldu. O, döyüş meydanında yalnız hərbi tapşırıq yerinə yetirmirdi, həm də xalqının illərlə həsrətində olduğu torpaqların azadlığı uğrunda mübarizə aparırdı. Əsgər və zabitlərimizin göstərdiyi cəsarət, dözüm və fədakarlıq 44 günlük müharibənin taleyini müəyyən edən əsas amillərdən birinə çevrildi.
Azərbaycan Ordusunun döyüş ruhunun formalaşmasında Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və peşəkar hazırlıq mühüm yer tuturdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti hərbi qulluqçuların sosial təminatının, hazırlıq səviyyəsinin və döyüş imkanlarının yüksəldilməsinə xidmət edirdi. Müasir texnika ilə təchiz olunan ordumuzun əsas gücü isə hər zaman Azərbaycan əsgərinin iradəsi olub.
Döyüşlər zamanı hərbçilərimiz mürəkkəb relyef və hava şəraitində, gücləndirilmiş müdafiə mövqelərinə qarşı böyük qəhrəmanlıq göstərdilər. Onlar çətinliklərə baxmayaraq, irəliləməkdən və qarşıya qoyulan məqsədlərdən geri çəkilmədilər. Hər bir azad edilmiş yaşayış məntəqəsi Azərbaycan əsgərinin Vətənə olan sevgisinin və sədaqətinin real ifadəsi idi.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimiz bu müqəddəs mübarizənin ən ağır yükünü öz üzərlərinə götürdülər. Qazilərimiz isə yaralanmalarına baxmayaraq, göstərdikləri qəhrəmanlıqla xalqımızın yaddaşında silinməz iz qoydular. Onların həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, milli qürur və fədakarlıq nümunəsidir.
Bu gün Azərbaycan əsgərinin qəhrəmanlığı azad torpaqlarda dalğalanan bayrağımızda, bərpa olunan şəhər və kəndlərimizdə yaşayır. Vətən sevgisi ilə döyüşən hər bir hərbçinin adı xalqımızın yaddaşında ehtiramla qorunur. Zəfər Günü Azərbaycan əsgərinin mənəvi gücünə, qəhrəmanlığına və Vətənə sədaqətinə verilən ən böyük qiymətdir.
Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini



