
Müasir dünya düzənində dövlətlər arasında əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqların qorunması üçün vacibdir.
Bu baxımdan Azərbaycan ilə Çexiya arasındakı münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişaf edən əməkdaşlıq nümunəsidir. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub və qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Hər iki ölkənin paytaxtında səfirliklərin fəaliyyəti əlaqələrin daha sistemli qurulmasına kömək edir.
Rəsmi səfərlər və siyasi məsləhətləşmələr bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Çexiya beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Parlamentlərarası dostluq qrupları və müxtəlif görüşlər siyasi əlaqələrin davamlı olmasına şərait yaradır. İqtisadi əməkdaşlıq əsasən energetika, sənaye və texnologiya sahələrini əhatə edir.
Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu nəzərə alsaq ölkəmiz Çexiyanın enerji təhlükəsizliyində vacib tərəfdaşdır. Bu baxımdan neft və qaz ixracı iki ölkə arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etdi: “Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Prezident İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının təqdimatı oldu. Çexiyanın Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Cənab İlham Əliyev bildirdi ki, çox fəal siyasi dialoqumuz var.
Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin digər sahələrdə də uğurlu inkişaf etdiyini önə çəkərək qeyd etdi ki, biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminlik ifadə olundu”. səfər iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə olacaq. Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı bu gün bir daha öz təsdiqini tapır, qarşımızda çox gözəl perspektivlər açılır. Ölkə Prezidenti İlham Əliyev X sosial media hesabındakı paylaşımında Baş nazir Andrey Babişə rəsmi səfəri və Qəbələdə aparılan konstruktiv müzakirələrə görə minnətdarlığını bildirərək bir daha qeyd edir ki, bunun Avropa İttifaqı hüdudlarından kənara ilk rəsmi səfər olması ikiqat şərəfdir. Bizim sıx siyasi münasibətlərimiz mövcuddur və bugünkü fikir mübadiləsi bir daha Azərbaycan-Çexiya əlaqələrinin daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyimizi təsdiqlədi.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan partiyası, məsləhətçi



