AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr – Anım Günü

27 Sentyabr Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda şərəfli səhifələrindən birini özündə yaşadan gündür. Bu tarix Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür.

Zəfərə gedən yol illərlə davam edən mübarizədən, xalqımızın sarsılmaz iradəsindən, Ordumuzun gücündən və Vətən sevgisindən keçdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz tarixinin ən böyük qələbələrindən birini qazandı.

Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasi iradəsi və uzaqgörən strategiyası xüsusi əhəmiyyət daşıyır. Dövlət-xalq birliyi, Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs fədakarlığı bizi Zəfərə aparan yolun əsas dayaqları oldu.

Bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin ruhuna verilən ən böyük dəyər və Vətən qarşısında göstərdikləri fədakarlığın əbədi rəmzidir. Xalqımız bu böyük Zəfəri bizə bəxş edən şəhidlərimizin qəhrəmanlığını heç zaman unutmayacaq.

27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Vətən uğrunda verilən can heç vaxt unudulmur. Şəhidlərimizin adı Azərbaycan xalqının yaddaşında, tariximizdə və gələcək nəsillərin qəlbində daim yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qazilərimizə şəfa və can sağlığı versin.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button