
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etimad və səmimi dostluq əsasında formalaşıb. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən bu iki ölkəni ortaq tarixi xatirələr, iqtisadi əməkdaşlıq və xalqlar arasında yaranmış mənəvi bağlar birləşdirir. Bu münasibətlər ötən əsrin ortalarından başlayaraq müxtəlif mərhələlərdən keçib və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın Vyetnamla əlaqələrinin inkişafında ölkəmizin zəngin neft sənayesi təcrübəsi mühüm rol oynayıb. Vyetnamlı mütəxəssislərin Bakıda təhsil alması, Azərbaycan neftçilərinin bilik və bacarıqlarından faydalanması iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Bu təcrübə mübadiləsi iqtisadi nəticələrlə yanaşı, xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsinə də xidmət edib.
1959-cu ildə Ho Şi Minin Bakıya səfəri Azərbaycan–Vyetnam münasibətlərinin tarixində əlamətdar hadisə olub. Vyetnam xalqının böyük öndəri Azərbaycanın neft sənayesi ilə maraqlanıb, ölkəmizin istehsalat və elmi potensialını yüksək qiymətləndirib. Bu səfər iki xalq arasında əməkdaşlığın gələcək inkişafına mühüm təkan verib.
Sonrakı illərdə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və mədəni əlaqələr genişlənib. Azərbaycan neftçilərinin Vyetnamın enerji sektorunda iştirakı, “Ağ pələng” yatağı ətrafında formalaşan əməkdaşlıq və birgə müəssisələrin fəaliyyəti bu münasibətlərin praktik nəticələrini nümayiş etdirib.
Bu gün Azərbaycan–Vyetnam münasibətləri yeni inkişaf mərhələsindədir. Strateji tərəfdaşlıq çərçivəsində enerji, nəqliyyat, ticarət, investisiya, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Tarixi dostluq müasir dövrdə qarşılıqlı faydalı tərəfdaşlığa çevrilir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



