
Müasir beynəlxalq münasibətlər sistemində qlobal sülhün və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilmiş Azərbaycan, özünün mənəvi-siyasi liderliyini uğurla davam etdirir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə baş tutan tarixi görüş bu siyasətin növbəti təzahürü oldu. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət mötəbər nümayəndə heyətini qəbul etdi. Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan kimi qardaş ölkələrin, habelə Şimali Qafqaz respublikalarının ali dini rəhbərlərinin iştirak etdiyi bu genişmiqyaslı görüşdə, Prezident İlham Əliyev dini və mədəni platformaların bir araya gəlməsinin təkcə region üçün deyil, bütün dünya üçün böyük barış və qardaşlıq mesajı olduğunu birmənalı şəkildə nümayiş etdirdi.
Görüş zamanı dövlət başçısı ölkəmizin mədəni və tarixi dəyərlərinə geniş yer ayıraraq, xalqımızın dünya mədəniyyət xəzinəsinə verdiyi töhfələri qürurla qeyd etdi. Prezident İlham Əliyev eyni günlərdə həm TDT-nin dini rəhbərlərinin toplantısının, həm də dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsinin rəmzi mənasına toxundu. O, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dahilərin irsinin yalnız Azərbaycanın deyil, bütün İslam aləminin sərvəti olduğunu bildirdi. Dövlət başçısı həmçinin TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycanın tarixən Türk dünyası və Qafqaz coğrafiyasını necə birləşdirdiyini, qədim Qafqaz Albaniyasının Qəbələ və Atabəylər dövlətinin Naxçıvan şəhərlərinin timsalında ölkəmizin sarsılmaz bir vəhdət mərkəzi olduğunu qonaqların diqqətinə çatdırdı.
İslam dünyasında gedən mürəkkəb proseslərə və mövcud çağırışlara diqqət çəkən Prezident İlham Əliyev, müsəlman ümmətinin vəhdətinin həyati əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, Azərbaycan İslam həmrəyliyini yalnız bəyanatlarla deyil, atdığı əməli addımlarla dəstəkləyir. 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarını böyük birlik bayramı adlandıran dövlət başçısı, gələn il ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə böyük ümidlər bəslədiyini qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, İslam dininə kənardan zərbə vurmaq istəyən qüvvələrin qarşısını almağın yeganə yolu, müsəlman aləminin süni ixtilafları kənara qoyaraq vahid bir ailə kimi birləşməsidir və Azərbaycan bu yolda öz barışdırıcı missiyasını davam etdirəcək.
Prezident İlham Əliyev nümayəndə heyətinin Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkdi. Dövlət başçısı Ermənistanın 30 illik işğalı dövründə məqsədyönlü şəkildə 65 məscidi dağıtmasını və bu müqəddəs məkanlarda heyvan saxlamasını bütün İslam dünyasına qarşı yönəlmiş misilsiz vəhşilik adlandırdı. Lakin qürurla qeyd etdi ki, güc amilinin həlledici olduğu müasir dünyada Azərbaycan xalqı rəşadətli Ordumuzun gücü ilə bu ədalətsizliyə son qoydu. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox vətəndaşın azad edilmiş torpaqlara, o cümlədən 48 şəhər və kəndə qayıtması, Prezident İlham Əliyevin həm qurucu lider, həm də ədalətin bərpaçısı kimi sarsılmaz iradəsini bütün dünyaya sübut edir.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



