
Bu gün dünya ölkələri gələcəyin infrastrukturuna qərar verilən bir yol ayrıcındadır.
“Aktualinfo Media Qrup” xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusuna həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bir insan əlil arabasından istifadə edirsə, onu məhdudlaşdıran təkcə hərəkət qabiliyyəti deyil:
“Əlilliyi olan insan lift əvəzinə pilləkənlə qarşılaşır. Biz mühiti dəyişdirsək, əlilliyi azalda bilərik. Nahamar səkilərlə hərəkət etməyə çalışan yaşlı insanı, uşaq arabası sürən valideyni, ayağı sınıq olduğu üçün şəhərdə müvəqqəti çətinlik yaşayan birini və ya düzgün layihələndirilməmiş yolayrıcını keçməyə çalışan görmə məhdudiyyətli bir şəxsi təsəvvür etdikdə həmin insanları məhdudlaşdıran və ya əksinə, onları gücləndirənin əslində mühit olduğunu görürük. Biz insanlara baxıb onların məhdudiyyətləri olduğunu düşünməyi dayandırmalıyıq. Əvəzində, ictimai məkanlarımıza baxmalı və soruşmalıyıq: bu mühit öz vətəndaşlarını necə məhdudlaşdırır? Çünki şəhərlər, əslində, insanlar üçündür”.
P.Vəliyeva bildirib ki, inklüziv şəhərlər bir neçə insan üçün imtiyaz deyil, hər kəs üçün fundamental insan hüququdur:
“Əlçatanlıq sonradan edilən texniki düzəliş kimi deyil, şəhərsalmanın fəlsəfəsinin bir hissəsi olaraq, inkişafın ən başlanğıc mərhələsindən etibarən nəzərə alınmalıdır. Bu gün dünya, xüsusilə Qlobal Cənub ölkələri – Afrika və Asiya sürətlə şəhərləşir. Biz bu gün gələcəyin infrastrukturunun, yaşayış məkanlarının, rəqəmsal sistemlərinin və ictimai məkanlarının necə olacağına qərar verilən bir yol ayrıcındayıq. Bu qərarlar gələcək nəsillərin həyatını formalaşdıracaq”.




