AnalitikaGündəmSiyasət

Azərbaycan və Çexiya arasındakı əlaqələr qarşılıqlı hörmətə və strateji maraqlara söykənən hərtərəfli tərəfdaşlıqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişlə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasındakı strateji tərəfdaşlığın, enerji təhlükəsizliyinin və iqtisadi əməkdaşlığın, xüsusilə də Bakı və Praqa arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Görüş çərçivəsində tərəflər həm ikitərəfli əlaqələri, həm də regional təhlükəsizlik məsələlərini geniş müzakirə ediblər.

Prezident İlham Əliyev öz bəyanatında qeyd etdi ki, Azərbaycan və Çexiya arasındakı münasibətlər Strateji Tərəfdaşlıq haqqında Bəyannamə üzərində qurulub. Bu sənəd iki ölkənin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini ifadə edir. Çexiyanın Azərbaycanın Aİ ilə yaxınlaşmasında oynadığı konstruktiv rol xüsusi vurğulanıb.

Dövlət başçısı ölkələr arasındakı siyasi dialoqun dinamik inkişaf etdiyini və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.

Mətbuat bəyanatının ən mühüm hissələrindən biri enerji əməkdaşlığına həsr olunub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji xəritəsini dəyişən layihələrindən bəhs edərək bildirib: “Azərbaycan Çexiya üçün etibarlı enerji təchizatçısıdır. Bizim neft və qaz resurslarımız Çexiyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.” Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Mərkəzi Avropa ölkələrinə, o cümlədən Çexiyaya əlavə qaz həcmlərinin çatdırılması imkanları müzakirə mövzusu olub, həmçinin gələcəkdə bərpa olunan enerji mənbələrinin ixracı sahəsində əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Prezident bəyanatında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən nəqliyyat, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Orta Dəhliz layihəsi çərçivəsində Çexiya şirkətlərinin iştirakı və logistik imkanların artırılması təşviq edilib. Çexiya şirkətlərinin Azərbaycanda, xüsusən də azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) həyata keçirilən yenidənqurma işlərinə cəlb olunması təklif edilib: “Biz istəyirik ki, Çexiya şirkətləri Azərbaycanda daha geniş təmsil olunsunlar. İstər nəqliyyat, istər kənd təsərrüfatı, istərsə də yüksək texnologiyalar sahəsində böyük potensial var və biz bu imkanlardan maksimum istifadə etməliyik.”

Bəyanatın sonunda İlham Əliyev bölgədəki mövcud vəziyyət barədə həmkarını məlumatlandırdığını bildirdi. Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu və Ermənistanla münasibətlərin normallaşdırılması üçün atılan addımların vacibliyini qeyd edib.

Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan və Çexiya arasındakı əlaqələr sadəcə enerji satışı ilə məhdudlaşmır; bu, qarşılıqlı hörmətə və strateji maraqlara söykənən hərtərəfli tərəfdaşlıqdır. Görüşün nəticələri hər iki ölkənin rifahına və regional sabitliyə xidmət edəcəkdir.

Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman sektorunun əməkdaşı

 

Oxşar Xəbərlər

Back to top button