Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti Zaqrebdə vurğulanıb

Zaqrebdə martın 25-də “3 Dəniz Təşəbbüsü”nün Parlament Zirvə Toplantısı keçirilib.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan tədbirdə ilk dəfə Xüsusi Dəvətli Qonaq statusu ilə təmsil olunub.
Xorvatiya parlamentinin təşkilatçılığı ilə keçirilən Zirvə Toplantısı “3 Dəniz Təşəbbüsü”nün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq” mövzusunda müzakirələrə həsr edilib.
Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Baş nazir Andrey Plenkoviç, Polşa seyminin vitse-marşalı Zimon Holovnianın açılış nitqlərindən sonra “3 Dəniz Təşəbbüsü”nün Toplantısının müzakirəyə çıxardığı mövzu ətrafında fikir mübadiləsi aparılıb. Aralıq dənizi ölkələri üzrə Avropa komissarı Şuika Dubravka, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və üzv ölkələrin parlament rəhbərlərinin nitqlərindən sonra Zirvə Toplantısına xüsusi dəvətli qonaq statusu ilə qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Rafael Hüseynov çıxış edib.
O, Azərbaycanın “3 Dəniz Təşəbbüsü”nün üzvü olmamasına baxmayaraq belə bir önəmli mərasimə dəvət edilməsini tamamilə məntiqli hesab etdiyini bildirib və vurğulayıb ki, ölkəmiz rəsmi olaraq “3 Dəniz Təşəbbüsü”nün 13 iştirakçısı, 6 strateji tərəfdaşı və 4 assosiativ iştirakçısı sırasına daxil olmasa da, mövcud iqtisadi əlaqələrin intensivliyi və qarşılıqlı əhəmiyyəti baxımından əslində bu təşəbbüsün üzvlərindən biri sayılır.
R.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı işlərin ümumi mənzərəsini sammit iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, “3 Dəniz Təşəbbüsü”nün yaradıcılarından olan Polşa Prezidenti Andjey Duda ilə 2020-ci il yanvarın 22-də Davosda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, neft və qaz sektorunda əməkdaşlıq imkanları, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət müzakirə olunub. Söhbət zamanı Azərbaycanın 2020-ci ilin iyununda Tallində keçiriləcək “Üç Dəniz Təşəbbüsü Sammiti”ndə iştirakının əhəmiyyəti də qeyd edilib. Milli Məclisin sədr müavini əlavə edib ki, 2016-cı il fevralın 4-də Londonda keçirilən “Suriya və Regiona Dəstək” konfransı çərçivəsində Prezident İlham Əliyev “3 Dəniz Təşəbbüsü”nün digər təsisçisi Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və enerji, nəqliyyat və infrastruktur layihələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Rafael Hüseynovun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan “3 Dəniz Təşəbbüsü” ölkələrinin hamısı ilə ayrı-ayrılıqda daimi və sıx əlaqələr saxlayır.
Azərbaycanın Avropada və dünyada qaz ixracında ən etibarlı və sabit tərəfdaş kimi tanındığını, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan R.Hüseynov bildirib: “Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 16-dır. Bu ölkələrin əksəriyyəti, – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Almaniya, Avstriya və Suriya, – “3 Dəniz Təşəbbüsü”ndə təmsil olunur. Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış digər böyük layihə isə Cənub Qaz Dəhlizidir. Bu layihə yalnız iqtisadi deyil, həm də ciddi strateji və siyasi əhəmiyyət daşıyır, çünki əsas hədəflərdən biri Avropanın Rusiya qazından asılılığını azaltmaqdır. İqtisadi asılılığın hansı təzyiqlərə və fəsadlara yol açdığı isə yaxın tarixdən yaxşı məlumdur”.
Milli Məclisin sədr müavini əməkdaşlıqların və belə müzakirələrin xüsusi əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sammit və burada aparılan müzakirələr, ümumiyyətlə, əməkdaşlığa, qarşılıqlı fayda və inkişafa xidmət edən bütün təşəbbüslər bugünkü narahat və müharibə alovlarına bürünmüş dünyaya bir mesajdır. Dünyanın və insanlığın layiq olduğu daha sabit və rahat sabahlar üçün yeganə doğru yol ölkələrin bir-birinə uzanan əlləri, iş birliyi və tərəfdaşlıqdır.
“3 Dəniz Təşəbbüsü”nün Parlament Zirvə Toplantısı Ortaq Bəyannamənin qəbul edilməsi ilə başa çatıb.


