AnalitikaGündəmSiyasət

Milli birliyin rəmzi olan Həmrəylik Günü tarixi yaddaşın və gələcəyə inamın təcəssümüdür

Dünya azərbaycanlılarının həmrəyliyi günü xalqımızın əsrlər boyu davam edən mübarizə və özünüdərk yolunun məntiqi nəticəsi kimi meydana çıxmışdır. Bu əlamətdar tarix təsadüfi seçilməmiş, milli düşüncənin formalaşması, azadlıq ideallarının möhkəmlənməsi və dövlətçilik şüurunun bərqərar olması prosesinin mühüm mərhələsini əks etdirmişdir. Həmrəylik anlayışı bu kontekstdə xalq iradəsinin siyasi və mənəvi səviyyədə təsdiqi kimi qiymətləndirilir.

Bu gün Azərbaycan cəmiyyətinin yenilənmə ruhunu, tərəqqi əzmini və birlik zərurətini aydın şəkildə ifadə edir. Həmrəylik yalnız duyğusal yaxınlıq deyil, eyni zamanda müstəqil və güclü gələcək naminə ortaq məsuliyyət daşımaq deməkdir. Tarixin çətin sınaqları məhz bu birliyin gücü hesabına aşılmış, xalq öz taleyini müəyyənləşdirmək iradəsini nümayiş etdirmişdir.

Müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən əsas dəyər Vətənə bağlılıq hissidir. Bu bağlılıq təkcə ərazi anlayışı ilə məhdudlaşmır, milli kimliyin, dilin, mədəniyyətin və mənəvi irsin qorunmasına əsaslanır. Məhz müstəqil Azərbaycan dövləti bütün dünya azərbaycanlıları üçün ümumi mənəvi dayaq, milli mənsubiyyətin əsas təminatçısı rolunu oynayır.

Həmrəylik ideyasının əsas mahiyyəti Azərbaycan dövlətinə sədaqət və milli dəyərlərə hörmət üzərində qurulub. Ana dilinə, mədəni irsə, dini və ümumbəşəri dəyərlərə ehtiram bu birliyi daha da möhkəmləndirir. Bu əlamətdar gün hər bir azərbaycanlı üçün sadəcə bayram deyil, həm də gələcəyə ümidlə baxmağa çağıran, milli ruhu gücləndirən mühüm mənəvi mesajdır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button