
YAP VIII Qurultayı Qarabağ və Şərqi Zəngəzurun yalnız bərpa edilən ərazilər deyil, Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm məkanlarından biri kimi formalaşdırılması prosesini də siyasi gündəmə gətirir. İşğaldan azad edilmiş ərazilərin böyük potensialı dövlət qarşısında həm tarixi, həm də iqtisadi imkanlar açır. Burada həyata keçirilən layihələr Azərbaycanın regional inkişaf siyasətinin yeni modelini formalaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni avtomobil yolları, hava limanları, enerji sistemləri, yaşayış məntəqələri və sosial obyektlər regionun iqtisadi fəallığı üçün zəruri baza yaradır. Bu infrastruktur gələcəkdə sənaye, kənd təsərrüfatı, turizm və logistika layihələrinin inkişafına imkan verəcək.
Qarabağın iqtisadi potensialı müxtəlif istiqamətləri əhatə edir. Kənd təsərrüfatı üçün münbit ərazilər, turizm imkanları, təbii ehtiyatlar, enerji potensialı və nəqliyyat bağlantıları regionun çoxşaxəli iqtisadi inkişafına şərait yaradır. Xüsusilə yeni nəqliyyat dəhlizlərinin formalaşması Qarabağı Azərbaycanın digər regionları ilə yanaşı, regional bazarlarla da daha sıx əlaqələndirə bilər.
Yeni iqtisadi məkanın yaradılmasında özəl sektorun iştirakı mühüm əhəmiyyət daşıyır. Dövlət investisiyaları ilkin infrastrukturun yaradılmasına imkan versə də, uzunmüddətli iqtisadi aktivliyin təmin edilməsi üçün sahibkarlıq və xarici investisiyalar da vacibdir. Sənaye parkları, aqroparklar, turizm obyektləri və xidmət sektorunun inkişafı bölgədə yeni iş yerlərinin yaranmasına və əhalinin iqtisadi fəallığının artmasına xidmət edəcək.
YAP VIII Qurultayı Qarabağın bərpasının siyasi əhəmiyyəti ilə yanaşı, iqtisadi məzmununu da diqqət mərkəzində saxlamalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası insanların doğma torpaqlarına qayıtması ilə yanaşı, regionun dayanıqlı iqtisadi sistemə inteqrasiyasını da nəzərdə tutur. Qarabağın yeni iqtisadi məkan kimi formalaşması Azərbaycanın ümumi iqtisadi gücünü artıracaq və Zəfərin nəticələrini daha da möhkəmləndirəcək.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



