
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, 227 nömrəli tam orta məktəbin direktoru Sevinc Sadıqova, 46 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elvina İsmayılova və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, milli ideologiyanın təbliği, dövlətçilik ənənələrinin qorunması və gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, dövlətçilik ideologiyasının cəmiyyətdə təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə təhsil və səhiyyə müəssisələrinin, eləcə də ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin üzərinə mühüm vəzifələr düşür. Xüsusilə gənc nəslin milli kimliyə, tarixi irsə və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələrin icrası çərçivəsində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və dövlət siyasətinin prioritetlərinin cəmiyyətə çatdırılması əsas istiqamətlərdəndir.
Görüşdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçilik ideologiyasının təbliği, eləcə də təhsil və səhiyyə sahələrində çalışan əməkdaşların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar qarşıya qoyulan vəzifələrin ardıcıl həyata keçirilməsinin və ideoloji maarifləndirmə işinin davamlılığının vacibliyini vurğulayıblar.




