
Bakı şəhəri növbəti dəfə mühüm qlobal və regional diplomatik platformaya ev sahibliyi etdi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regional təhlükəsizlik, dayanıqlı sülh, logistika və çoxtərəfli əməkdaşlıq məsələlərinə dair mühüm mesajlar verdi.
Prezident İlham Əliyev çıxışının əvvəlində Azərbaycanın təşkilata sədrliyini yekdilliklə dəstəklədiklərinə və göstərdikləri etimada görə üzv dövlətlərə təşəkkürünü bildirdi. Azərbaycanın AQEM çərçivəsində sədrlik müddətinin uzadılması ölkəmizin regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsində artan nüfuzunun bariz nümunəsidir.
AQEM çərçivəsində aparılan müzakirələr Asiya qitəsində sabitliyin qorunması, münaqişələrin qarşısının alınması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Çıxışda vacib yer tutan mövzulardan biri Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi, regionda yaradılmış yeni reallıqlar oldu. Dövlət başçısı vurğuladı ki,müharibə Azərbaycanın seçimi olmayıb.Beynəlxalq hüququn tətbiq olunmaması və təcavüzkarın cəzasız qalması münaqişəni dondurmaq cəhdlərinə gətirib çıxarmışdı.Azərbaycan öz gücü ilə beynəlxalq hüququ bərpa etdikdən sonra intiqam yolunu deyil, sülh təklifini seçdi. Müharibədən sonra regionda davamlı sülhün bərqərar olunması üçün addımlar atıldı, lakin əldə olunan sülh hələ də həssasdır və diqqətlə qorunmalıdır.
Zirvə Toplantısında Azərbaycanın Mərkəzi Asiya və digər Asiya ölkələri ilə Avropa arasında strateji körpü rolu oynamasına xüsusi diqqət yetirildi.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və regionda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri AQEM-ə üzv dövlətlərin iqtisadi inteqrasiyasına xidmət edir.
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul edilən Bakı Bəyannaməsi təşkilata üzv ölkələr arasında gələcək əməkdaşlığın, xüsusən də iqlim dəyişikliyi ilə mübarizə, rəqəmsallaşma və nəqliyyat təhlükəsizliyi sahələrində birgə fəaliyyətin hüquqi-siyasi bünövrəsini qoydu.
Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız öz suverenliyini qoruyan daxili güc deyil, həm də Asiyadan Avropaya uzanan geniş geostrateji məkanda sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın əsas təminatçılarından biridir.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



