
Azərbaycanın dövlətçilik tarixi şanlı və eyni zamanda mürəkkəb mərhələlərlə zəngindir. Bu tarixdə xüsusi yer tutan hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün dövlət müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən qeyri-sabitlik dövlətçiliyin əsaslarını zəiflətmişdi. Siyasi çəkişmələr, iqtisadi problemlər və hərbi uğursuzluqlar Azərbaycanın gələcəyini təhlükə altına salmışdı.
1993-cü ildə yaranmış böhran vəziyyəti xalqı ciddi narahat edirdi. İnsanlar ölkəni bu ağır vəziyyətdən çıxara biləcək güclü liderə ehtiyac duyurdular. Bu etimadın ünvanı isə Heydər Əliyev idi.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Sabitlik təmin edildi, dövlət orqanlarının fəaliyyəti gücləndirildi və qanunçuluğun bərpasına başlanıldı.
Milli Qurtuluş Günü Azərbaycanın gələcək inkişafına yol açdı. Dövlət quruculuğu prosesi sürətləndirildi, demokratik institutların formalaşması istiqamətində mühüm addımlar atıldı.
Sonrakı illərdə həyata keçirilən iqtisadi və siyasi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrildi və dünya birliyində öz layiqli yerini tutdu.
Bu səbəbdən Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Həmin gün Azərbaycan xalqının birliyi, qətiyyəti və dövlətçiliyinə sədaqəti öz parlaq ifadəsini tapmışdır.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



