
Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərlə görüşü idman hadisəsi olmaqla yanaşı, həm də ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan mühüm mesajlarla yadda qaldı. Cənab Prezident bir daha Azərbaycan idmanının inkişaf modelinə, dövlət siyasətinin prioritetlərinə diqqət çəkdi. Prezident İlham Əliyevin idmançılarla görüşləri müntəzəm xarakter daşıyır: “Bu kontekstdə Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərimizin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də həmin ardıcıl siyasətin və formalaşmış ənənənin tərkib hissəsidir. Möhtərəm Prezidentin görüş zamanı idmançıların qazandığı qələbəyə yüksək qiymət verməsi, onların əməyinə göstərilən diqqət və gələcək uğurlarına dair səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısı idman sahəsində əldə olunan hər bir nailiyyəti şəxsən izləyir və yüksək dəyərləndirir. Fikrimcə, görüşün ən önəmli məqamlarından biri də onun motivasiyaedici xarakter daşımasıdır. Cənab Prezident İlham Əliyevin idmançılarla səmimi ünsiyyəti, onların hər birinin əməyini xüsusi qeyd etməsi yalnız qalibləri deyil, bütövlükdə Azərbaycan gəncliyini ruhlandırır. Bu diqqət hər bir idmançıya aydın mesaj verir ki, zəhmət, əzmkarlıq və Vətənə bağlılıq hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”. İdmançıların davranış məsələsi də xüsusilə təqdirəlayiqdir. Onların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi olması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Yüksək mənəvi keyfiyyətlərin qorunması idmanın nüfuzunu artırır və gənclər üçün müsbət örnək yaradır. Bu baxımdan, idmançıların məsuliyyəti yalnız qələbə qazanmaqla məhdudlaşmır. Beynəlxalq yarışlarda bəzən ədalətsiz yanaşmaların müşahidə olunması da reallıqdır. Lakin belə hallarda təmkin və ləyaqətli davranışın qorunması idmançının böyüklüyünü göstərən əsas meyarlardan biridir. Bu prinsipə sadiqlik həm fərdi nüfuzu, həm də təmsil olunan dövlətin imicini qoruyur.
Avropa çempionatında əldə olunan komanda birinciliyi güləş tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bu nailiyyət uzunmüddətli strategiyanın, güclü ənənələrin və sistemli yanaşmanın məntiqi nəticəsidir. Qarşıdakı dövrdə də uğurların davam etdirilməsi və yeni zirvələrin fəthi üçün mövcud potensial kifayət qədər genişdir. Bu qələbə isə gələcək uğurlar üçün möhkəm stimul rolunu oynayır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,Məsləhətçi



