
Azərbaycan–Türkmənistan münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi
2026-cı il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında strateji tərəfdaşlığın növbəti təzahürü kimi yadda qaldı. Dövlət başçıları siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edərək münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdilər.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsinə göstərdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı vurğuladı ki, bu hadisə tarixi əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, region ölkələri ilə ortaq tarixi, mədəni və mənəvi bağları, eləcə də müasir nəqliyyat-logistika layihələrində fəal iştirakı onu böyük Mərkəzi Asiya məkanının ayrılmaz tərəfdaşına çevirir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında təmsil olunması ölkəmizin beynəlxalq nüfuzunun artmasının, türk dünyasında əməkdaşlığın möhkəmlənməsinin və regionlararası inteqrasiyanın genişlənməsinin göstəricisidir. Bu prosesdə Türkmənistanın fəal dəstəyi iki ölkə arasında mövcud olan yüksək etimadın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
Son illərdə Azərbaycan və Türkmənistan arasında əlaqələr dinamik inkişaf edir. Xəzər dənizində əməkdaşlıq, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi hər iki ölkənin ortaq maraqlarına xidmət edir. Prezidentlərin görüşü zamanı bu istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi bir daha vurğulandı.
Bu gün Azərbaycan və Türkmənistan təkcə ikitərəfli münasibətləri inkişaf etdirmir, həm də türk dünyasının birliyinin möhkəmlənməsinə, regional sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verirlər. Prezident İlham Əliyevin Türkmənistan tərəfinə ünvanladığı təşəkkür mesajı da məhz bu dostluq və strateji tərəfdaşlıq ruhunun ifadəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq münasibətlərinin bundan sonra da yeni uğurlarla zənginləşəcəyi, hər iki xalqın rifahına və regionun inkişafına xidmət edəcəyi şübhəsizdir. Bu əməkdaşlıq türk dünyasının həmrəyliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verməkdə davam edəcəkdir.
Amil İsrayılov,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi



