
Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın dövlətçilik tarixində varislik ənənəsinin mühüm göstəricisidir. Bu bayraq 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən müasir müstəqil Azərbaycan Respublikasına qədər uzanan tarixi yolun rəmzidir. Onun hər dalğalanışı xalqımızın müstəqil yaşamaq iradəsini ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublikalardan biri kimi tarixə düşmüşdür. Cümhuriyyətin yaradılması xalqımızın milli özünüdərk prosesində mühüm mərhələ olmuşdur. Üçrəngli bayrağın 1918-ci il noyabrın 9-da qəbul edilməsi isə müstəqil dövlətin əsas atributlarının formalaşdırılması istiqamətində atılmış tarixi addım idi.
1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Azərbaycan uzun müddət sovet hakimiyyəti altında yaşadı. Lakin milli istiqlal ideyası xalqımızın yaddaşından silinmədi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə üçrəngli bayrağımızın Naxçıvanda yenidən ucaldılması Cümhuriyyət irsinə sədaqətin mühüm nümunəsi oldu.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə Azərbaycan Xalq Cümhuriyyətinin milli idealları yenidən dövlətçilik həyatımızda öz əksini tapdı. Üçrəngli bayrağımız dövlət atributu kimi rəsmiləşdirildi və 1995-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olundu. Beləliklə, tarixi varislik hüquqi əsaslarla möhkəmləndirildi.
Bu gün müasir Azərbaycan dövləti Cümhuriyyətin müstəqillik ideallarını yaşadaraq inkişaf edir. Üçrəngli bayrağımız keçmişimizin şərəfli mirası, bu günümüzün qüruru və gələcəyimizin təminatıdır. Cümhuriyyət qurucularının idealları müasir dövlətimizin inkişafında yaşayır.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



