26 Avqust – Laçın Şəhəri: Tarixi Zəfərdən Böyük Qayıdışa

26 avqust Azərbaycan xalqının tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçın şəhəri qədim tarixi, zəngin təbiəti və strateji əhəmiyyəti ilə Azərbaycanın xüsusi yerlərindən birini tutur. Bu gün Laçının adı yalnız keçmişin ağrılı səhifələri ilə deyil, həm də Böyük Qayıdışın, quruculuğun və yeni inkişaf mərhələsinin rəmzi kimi səslənir.
Laçının inzibati və şəhər kimi formalaşması da zəngin tarixə malikdir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilib və rayonun mərkəzi Laçın şəhəri olub. 1835 kvadratkilometr ərazini əhatə edən rayon zəngin təbiəti, geniş yaylaqları və meşə massivləri ilə seçilir. Laçının əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti onun tarix boyu xüsusi əhəmiyyət daşımasına səbəb olub.
Lakin Laçının tarixində uzun illər davam edən işğal dövrü xalqımız üçün böyük faciələrlə yadda qalıb. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin düşüb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Laçının tarixi və mədəni irsinə də ciddi ziyan vurulub. İşğal zamanı çoxsaylı təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər talan edilərək dağıdılıb, tarixi abidələr vandalizmə məruz qalıb.
Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı. Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə torpaqlarımızın azad olunmasına yol açıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə Laçın tarixində yeni bir səhifənin başlanğıcı oldu.
Mənim fikrimcə, Laçın Şəhəri Gününün qeyd olunması yalnız bir tarixi hadisəni xatırlamaq deyil, həm də xalqımızın öz doğma torpaqlarına qayıdışının və dövlətimizin gücünün göstəricisidir. Uzun illər həsrətlə doğma yurduna qayıtmağı gözləyən Laçın sakinlərinin bu gün öz torpaqlarında yenidən yaşaması böyük tarixi ədalətin bərpasıdır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri isə şəhərin gələcəyinin daha da parlaq olacağına inam yaradır.
Bu gün Laçın yenidən dirçəlir, yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və digər infrastruktur layihələri ilə öz simasını bərpa edir. Bir zamanlar işğalın ağır izlərini daşıyan bu torpaqlarda indi həyat yenidən canlanır. Bu, Azərbaycanın öz ərazilərini bərpa etmək, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və Qarabağda davamlı inkişaf yaratmaq əzminin göstəricisidir.
26 Avqust – Laçın Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və sevinc doğuran bir tarixdir. Laçının azadlığı xalqımızın ədalətə və tarixi torpaqlarına olan bağlılığının, dövlətimizin siyasi iradəsinin və Ordumuzun qəhrəmanlığının nəticəsidir. Əminəm ki, gələcək illərdə Laçın daha da gözəlləşəcək, öz tarixi və mədəni əhəmiyyətini qoruyaraq Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Laçının azad səmasında dalğalanan üçrəngli bayrağımız isə bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu daim göstərəcək.
Nəzrin Əlizadə,
YAP Nərimanov Rayon Təşkilatının məsləhətçisi



