
Qarabağ Azərbaycan xalqının tarixi yaddaşında, milli-mənəvi dünyasında və mədəni irsində xüsusi yer tutur. Bu torpaqların azad edilməsi xalqımızın uzun illər davam edən arzusunun gerçəkləşməsi demək idi. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız dövlətimizin suverenliyini və tarixi ədalətin bərpasını nümayiş etdirir.
Azərbaycan xalqı uzun illər işğal faktı ilə barışmamış, öz torpaqlarının azad olunacağına inamını qoruyub saxlamışdır. Bu inam xalqımızın birliyini gücləndirmiş, dövlətimizin əsas prioritetlərindən biri kimi ərazi bütövlüyümüzün bərpasını gündəmdə saxlamışdır. Üçrəngli bayrağımız bu mübarizənin mənəvi simvolu olmuşdur.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələ açdı. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə Zəfərimizin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Bu hadisə dövlətçilik tariximizin mühüm mərhələsi oldu. Dövlət bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması suverenliyimizin real təcəssümüdür.
Bu gün Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və kəndlərimiz yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın qayıdışı təmin edilir. Üçrəngli bayrağımız bu dirçəlişin və qələbənin rəmzidir. Azad Qarabağda dalğalanan bayrağımız daim qürur mənbəyimiz olacaq.
Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri



