AnalitikaGündəmSəhiyyə

Zərifə xanım gözlərə nur bəxş edən əbədiyaşar insandır

Zərifə Əziz qızı Əliyeva tibb elminə, xüsusən də oftalmologiya sahəsinə həsr etdiyi ömür yolu ilə Azərbaycan elminin, humanizmin və qadın ziyalılığının simvollarından birinə çevrilmişdir. Onun zəngin elmi irsi, insanlara olan sonsuz sevgisi və mərhəməti bu gün də ehtiramla xatırlanır.

Zərifə xanım oftalmologiya sahəsində dərin elmi biliklərə sahib bir alim olaraq, göz xəstəliklərinin diaqnostika və müalicəsi istiqamətində mühüm tədqiqatlar aparmışdır. Xüsusilə traxoma və qlaukoma kimi xəstəliklərin öyrənilməsinə həsr etdiyi elmi işlər yalnız elmi əhəmiyyət daşımır, eyni zamanda praktik tibbdə geniş tətbiq olunan mühüm nəticələrə gətirib çıxarmışdır. Bu sahədə apardığı tədqiqatlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, bir çox hallarda isə görmə qabiliyyətinin qorunmasına xidmət etmişdir.

Oftalmologiyanın peşə patologiyası ilə bağlı problemləri Zərifə xanımın əsas elmi maraq dairəsinə daxil idi. Onun elmi fəaliyyətində müxtəlif sahələrdə çalışan insanların görmə orqanlarına təsir edən istehsalat amilləri öyrənilir, bu təsirlərin qarşısını almaq və müvafiq müalicə üsullarını müəyyənləşdirmək üçün ciddi araşdırmalar aparılırdı. Bu tədqiqatlar həm də profilaktik oftalmologiyanın inkişafına təkan verirdi.

Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışdığı illər ərzində bu müəssisənin elmi-pedaqoji səviyyəsinin yüksəldilməsinə xüsusi töhfələr vermişdir. O, gənc kadrların hazırlanmasında, onların ixtisasının artırılmasında, elmi fəaliyyətə yönləndirilməsində böyük rol oynamışdır. Təkcə elmi rəhbər kimi deyil, həm də mənəvi dayaq, qayğıkeş bir müəllim kimi yaddaşlarda qalmışdır.

Zərifə xanımın fəaliyyəti təkcə tibb sahəsi ilə məhdudlaşmırdı. Onun kimsəsiz uşaqlara, yardıma ehtiyacı olan insanlara göstərdiyi diqqət və mərhəmət onun şəxsiyyətinin nə qədər zəngin və humanist olduğunu göstərirdi. Bu xüsusiyyətlər onu sadəcə elm adamı deyil, həm də dərin insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi tanıdır.

Alim kimi nailiyyətləri dövlət və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Zərifə Əliyeva görmə orqanı xəstəliklərinin öyrənilməsi sahəsində apardığı fundamental və tətbiqi tədqiqatlara görə SSRİ-nin nüfuzlu elmi mükafatı – M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Bu mükafata layiq görülən ilk azərbaycanlı qadın olması onun elmi irsinin miqyasını və əhəmiyyətini bir daha təsdiqləyir.

Onun yazdığı monoqrafiyalar, elmi məqalələr və dərsliklər bu gün də oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün əsaslı və dəyərli mənbə olaraq qalır. Elmi irsi, yetişdirdiyi kadrlar və onunla birlikdə çalışan insanların yaddaşında buraxdığı iz, Zərifə Əliyevanın Azərbaycan elminə bəxş etdiyi ən qiymətli mirasdır.

Bu dəyərli ömür yalnız bir alim ömrü deyildi – bu, insanlığa həsr olunmuş, bilik və mərhəmətlə yoğrulmuş bir həyat idi.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi  

Oxşar Xəbərlər

Back to top button